Xəbəri Kokpitdə Oxuyun!

Alman TÜV SÜD təşkilatının etibarlılıq reytinqi dərc olunub

Almaniyanın TÜV SÜD ekspert təşkilatı işlənmiş avtomobillərin illik etibarlılıq reytinqini açıqlayıb.

Ənənəvi olaraq, bu siyahı Almaniyada avtomobillərə texniki baxış zamanı toplanmış kritik qüsurların statistikası əsasında tərtib olunur. Müfəttişlər avtomobilin əksər sistemlərinin, o cümlədən kuzov, asqı, sükan, əyləclər, işıqlandırma və “ekoloji” vəziyyətini yoxlayırlar.

Orta hesabla beş avtomobildən biri ilk dəfədən belə hərtərəfli yoxlamadan keçmə bilmir. Uğurun əsasını isə, avtomobillərin yaşı artdıqca, onlara vaxtlı-vaxtında və yüksək keyfiyyətli servis xidmətinin göstərilməsi təşkil edir. Buna görə də, araşdırılan bütün modellər yaş kateqoriyalarına görə bölünüblər.

İlkin etibarlılıq baxımından ən gənc yaş kateqoriyası (2-3 yaş) daha çox səciyyəvidir və bu kateqoriyanın  qalibi Honda Jazz hetçbeki olub. Onu Volkswagen Golf Sportsvan və Audi Q2 modelləri izləyib. Autsayderlərin Tesla Model 3, Ford Mondeo və Skoda Scala olduğu ortaya çıxıb.

Tesla qüsurların 14,2 faizini toplayıb və onların əksəriyyəti əyləc sistemi, şassi və işıqlandırma avadanlığı ilə bağlı olub. Təşkilatın mütəxəssisləri əyləc sistemindəki problemlərin səbəbinin güclü rekuperasiya sistemi ilə izah ediblər: standart əyləc mexanizmlərindən çox vaxt istifadə olunmur və buna görə dəonlar tez-tez yararsız hala düşürlər.

 

Şassinin qüsurları isə, batareyalı avtomobillərin böyük kütləsindən qaynaqlanır. Maraqlıdır ki, elektromobillər arasında ən etibarlıları ənənəvi yanacaq modellərinə əsaslananlardır: Volkswagen e-Golf, Hyundai Kona Electric və Mini Cooper SE.

Ən yaşlı qrupda (12-13 yaşlı avtomobillər) böyük fərqlə Porsche 911 Carrera idman avtomobili qalib gəlib: cəmi 7,9 faizlik qüsur. Avtomobilin sahibləri onun vəziyyəti ilə daim maraqlanırlar.

 

Kütləvi istehsal olunan Mitsubishi ASX (19,6%) və Volkswagen Golf Plus (20,6%) modellərinin nəticələri o qədər də təsiredici olmasa da, yenə də yaxşıdır.

Ən pis nəticəni isə, sahiblərinin xidmətə barmaqarası baxdığı kiçik ölçülü ucuz avtomobillər – Renault Twingo, Dacia Logan və Renault Clio göstərib. Bununla belə, digər kateqoriyalarda da Renault Group qrupunun modelləri heç də parlaq nəticə göstərməyiblər.

(c) Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et