Maks Ferstappen buraya Lando Norrisin 62 xal önündə gəlib və çempionluğunu rəsmiləşdirmək üçün əla şansa sahib olub. Yarış Avropada bazar gününə düşməsi üçün yerli vaxtla şənbə gecəsinə salınıb.
Mercedes həftəsonuna iddialı başlayıb, cümə günü hər iki məşqlərdə Lyuis Həmilton, dünən isə sonuncu məşqdə və sıralanma turunda Corc Rassell bütün rəqiblərindən güclü olublar. Start düzüdümndə ilk cərgəni Rassell və Sayns, ikinci cərgəni Qasli və Lekler, üçüncü cərgəni isə Fertappen və Norris tutublar. Pirelli bura üçün C3, C4 və C5 tərkiblərini gətirib. Yarışa başlamaq üçün Alonso yumşaq, Peres, Bottas və Kolapinto sərt, qalan hamı isə orta təkərləri seçib.
Startda Rassell yerini qoruyub, Lekler iki pillə irəliləyib. Alonso Peres və Maqnusseni, Hülkenberq isə Piastrini keçib. Piastri startda maşını bir qədər öndə saxladığı üçün 5 saniyəlik cəza alıb. 2-ci dövrədə ilk onluq: Rassell – Lekler – Sayns – Qasli – Ferstappen – Norris – Tsunoda – Hülkenberq – Piastri – Həmilton.
Ferstappen Qaslini geridə qoyub. Leklerin hücumları liderliyə yüksəlməyə kifayət etməyib, Alonso gözlənildiyi kimi, erkən pit-stop edib. Səkkizinci yer uğrunda mübarizədə Həmilton Piastrini, beşinci yer uğrunda mübarizədə isə Norris Qaslini qabaqlayıb.
10-cu dövrədə Həmilton Tsunodanı keçib. Lekler, Norris, Elbon və Stroll təkərlərini dəyişiblər. 11-ci dövrədə Ferstappen ikinci yer uğrunda mübarizədə Saynsı qabaqlayıb – Karlos dərhal pit yoluna dönüb. Qasli, Tsunoda və Piastri də pit-stop ediblər.
12-ci dövrədə Ferstappen, Okon, Çjou və Maqnussen təkərlərini dəyişiblər. Rassell eyni addımı növbəti dövrədə atıb. Qasli motor güc itirdiyi üçün pit yoluna qayıdıb və yarışdan çəkilib. Həmilton Norrisi, sonra da hər ikisi Peresi keçiblər. Peres yeni təkərlərə keçib.
Hülkenberq 25-ci dövrədə qızma problemləri yaşayan Elbonu qabaqlayıb. Peres Çjonu geridə qoyub, Lekler isə komanda əmrinə itaət edərək Saynsı irəli buraxıb. Kolapinto, Ferstappen və Həmilton 28-ci, Sayns və Stroll 29-cu, Tsunoda isə 30-cu dövrədə təzə təkərlərə keçib. Karlos pit-leynin girişində ağ xətti tapdaladığı üçün cərimələnib.
Norris 31-ci dövrədə pit-stop edib, Piastri ilk onluğa yüksəlib. Bir dövrə sonra Həmilton üçüncülük mübarizəsində Ferstappeni üstələyib. Lekler isə növbəti pit-stopuna yollanıb. Rassell də növbəti dövrədə son pit-stopunu edərək trasa lider kimi qayıdıb. 37-ci dövrədə ilk onluq: Rassell – Həmilton – Ferstappen – Sayns – Lekler – Norris – Piastri – Tsunoda – Hülkenberq – Okon.
Sayns Ferstappeni ötərək üçüncü yerə qalxıb. Lekler də Maksa hücumlar edib, lakin Saynsın DRS zonasında olan rəqibini keçmək asan olmayıb. Həmilton Rassellə fərqi azaldıb. Lakin 37-ci dövrədə monakolu sürücü istəyinə nail olub. Son dövrədə Norris sürətli dövrə üçün qırmızı təkərlərə keçib, Peres isə Alonsonu ötərək ilk onluğa düşə bilib.
Corc Rassell mövsümdə ikinci, karyerasında isə üçüncü qələbəsinə sevinib. Həmilton yarışda 8 pillə irəliləyərək ikinci olub və Mercedes-ə ümumilikdə 60-cı, 2022-ci ildə San Pauluda baş tutan yarışdan bəri isə ilk qələbə dublunu gətirib. Podiumun son pilləsinin sahibi isə Karlos Sayns olub.
Maks Ferstappen bu nəticələrdən sonra yekuna 2 yarış qalmasına baxmayaraq, ardıcıl dördüncü titulunu rəsmiləşdirib. Ferrari isə çox qiymətli xallar əldə edərək Mühəndislər Kubokunda McLaren ilə olan xal fərqini 24-ə endirib. Pilotlar arasında çempion bəlli olsa da, Mühəndislər Kubokunda gərgin mübarizə var.
Mövsümün başa çatmasına 2 əsas, 1 sprint yarışı qalıb və Ferrari çox uzun fasilədən sonra titulu rəsmiləşdirmək şansına sahibdir. Ən azından, son yarışdakı temp bunu deməyə əsas verir. Haas, Alpine və Rb komandalarını isə cəmi 4 xal ayırır ki, bu da bizim hər bir xal uğrunda maraqlı mübarizə izləyəcəyimizdən xəbər verir.
Mübarizə gələn həftəsonu Qətərdə davam edəcək…
Şərh əlavə et