Kokpit.az xatırladır ki, buradakı bütün məşqlərdə Mercedes sürücüləri protokollara başçılıq ediblər – ilk iki sessiyada Lyuis Həmilton, bugünkü son sessiyada isə Corc Rassell hamıdan fərqlənməyi bacarıb.
Pirelli bura ən yumşaq 3 tərkibi – C3, C4, və C5 təkərlərini gətirib. Hard qismində çıxış edən C3-lərdən demək olar ki, istifadə edilməyib. Onları soyuq havada qızdırmaq olduqca çətindir.
İlk sessiyada Rassell Medium, qalan hamı isə Soft təkərlərlə trasa çıxıb. Lakin Corc da dövrəni tamamlamadan Soft üçün pit yoluna qayıdıb. Sürücülər təkərləri qızdırmaq üçün ardıcıl dövrələr vurmalı olublar. Strollun maşınında güc qurğusunun dəyişdirilməsi son anda başa çatıb və Stroll mübarizəyə qoşulmaq imkanı əldə edib.
Haas sürücüləri ilk cəhdlərindən imtina edərək təkərləri qorumağı seçiblər. Ferstappen hamıdan sürətli olub – 1:33.299. Stroll, Bottas, Elbon, Alonso və Peres üçün mübarizə olduqca erkən başa çatıb.
İkinci sessiyada temp bir qədər artıb, Ferrari sürücüləri ilk cəhdlərinə yollanmayıblar, Həmilton isə ən yaxşı nəticələri əldə edib. Sessiyanın sonunda Kolapinto 16-cı dövrədə ciddi qəza törədib.
Onun qəzası komandanı çətinə salıb, çünki Williams-ın ehtiyat hissələrin olmamasından əziyyət çəkdiyi bildirilib. Lakin komanda bunu təkzib edib, argentinalı sürücünün maşınının starta hazır ediləcəyini açıqlayıb. Franko maşını özü tərk etsə də, tibbi mərkəzə göndərilib. Louson, Kolapinto, Çjou, Maqnussen və Okon mübarizəni dayandırıblar.
Son sessiya qırıntıların yığışdırılması və baryerin düzəldilməsi səbəbindən 20 dəqiqə gec başlayıb. Rassellin ilk cəhdi yaxşı alınıb. Həmilton isə əksinə, ilk cəhdində ilk sektorda səhvə yol verib, ikinci cəhdində isə eyni səhvi son sektorda edib.
İkinci cəhdlərdə hamı tempini artırıb, lakin Corcun 1:32.312-lik nəticəsi qarşısıalınmaz olub.
Beləliklə, Corc Rassell mövsümdə üçüncü, karyerasında isə dördüncü poulunu əldə edib. Sabahkı yarışa onunla ən ön cərgədən Karlos Sayns başlayacaq. İkinci cərgəni Qasli və Lekler, üçüncü cərgəni isə Ferstappen və Norris tutacaqlar.
Şərh əlavə et