Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Çempionluq ilk 6 yarışda getdi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, çempionluq mövsümün ilk 6 yarışında əldən gedib və bu yarışı Las Veqasa qədər daşıdığı üçün çox sevinclidir.

Kokpit.az xatırladır ki, Maks Ferstappen mövsümün ilk 6 yarışından beşində qalib gəlmiş və rəqiblərinə qarşı böyük fərq atmışdı. Daha sonra isə McLaren sürətlənmiş və Lando Norris 3 yarış qazanaraq, özünü çempionluq uğrunda mübarizəyə daxil etmişdi.

Buna baxmayaraq, mövsümün son 3 yarışına Maks Ferstappen 62 xallıq üstünlüklə başlayır. Lando Norris çempionluq ümidlərini saxlamaq üçün Las Veqasda mütləq niderlandlı sürücüdən 3 xal çox toplamalıdır.

Bundan sonra isə Lando Norris çempion olmaq istəyirsə, əvvəl Qətərdə əsas və sprint yarışlarını, daha sonra isə Əbu Dabi yarışını udmalıdır. Həm də bu yarışlarda sürətli dövrələri vurmalıdır. Bu yarışlarda Maks Ferstappen xalsız qalmalıdır.

Lando Norris Las Veqasda sıralanma turunda altıncı olub və Maks Ferstappendən geridə qalıb. Buna baxmayaraq britaniyalı pilot məyus deyil və yarışda əlindən gələni edəcəyini deyib.

Sıralanma turundan sonra jurnalistlərə cavab verən Lando Norris bunları deyib: “Yəni Maks sabah qazansa da, qazanmasa da, mənim üçün heç nə dəyişməyəcək. Çempionluğu böyük ehtimalla qazanacaq. Amma mən burada yarışmaq və əlimdən gələnin ən yaxşısını etmək üçün iştirak edirəm. Maks yarışı öndə bitirsə də, bitirməsə də, həyat budur. Bu gün bizim önümüzdə yer tutdu.

Məncə, sabah onları keçmək şansımız var. Amma hər yarışda olduğu kimi sabah əlimdən gələni edəcəyəm. Təbii ki, qürurluyam. Maks ilə mübarizə aparan sürücü mənəm. Başqası deyil. Buna görə özümlə qürur duyuram.

Kaş bir az da yaxşı nəticə qazana bilərdim deyirəm? Əlbəttə. Amma çempionluq uğrunda mübarizə mövsümün ilk 6 yarışında əldən getdi. Maks çox güclü idi və Red Bull-a çatmaq olmurdu. O vaxtlar xal fərqi çox açıldı.

Hazırda ümid edirik ki, Ferrari-ni məğlub edə bilərik. Sabah Hard təkəri götürsək, işlər də istədiyimiz kimi getsə, bu ola bilər.

Bu il hər yarışda təkər yeyilməsi ilə mübarizə apardıq. Daha yumşaq tərkiblərdə yaxşı deyildik. İndə də eyni haldır. Təkərlər demək olar ki, sıralanma turunda yeyilirdi. Bu problem bir müddətdir ki, davam edir. İndi bunun cəzasını çəkirik.

Pozitiv olacağıq və görək nə edirik. Qətiliklə sehirli bir şey gözləmirəm, amma sabah uzun yarış olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et