Kokpit.az bildirir ki, Aleks Markes performansı ilə göz oxşayıb. Mark Markes isə Ducati komandası ilə ilk dəfə trasa çıxıb.
Aleks Markes yeddisaatlıq sessiya ərzində liderliyini qoruyub. O əvvəlcə 1.40.006 zaman nəticəsi göstərib. Sonra bunu 1.38.803-ə qədər yaxşılaşdırıb. Daha sonra tras soyuduğu üçün nəticələr də yavaşlayıb və Aleks Markes günü zirvədə bağlayıb. İspaniyalı sürücü yeni GP24 motosikleti ilə yeddinci döngədə qəza edib.
Mark Markes isə günün ən diqqət mərkəzində olan sürücüsü idi, çünki o Ducati ilə ilk dəfə trasa çıxırdı. Françesko Banyayanın yeni komanda yoldaşı Desmodedici GP25 ilə 49 dövrə vurub və yekunda 1.39.454 zaman nəticəsi ilə dördüncü olub.
İspaniyalı sürücünün Ducati ilə ilk günü yaxşı keçib və o hamını özünə heyran qoyub. Diqqəti cəlb edən digər məqam isə Markın motosikletində heç bir loqotipin olmaması idi.
Günün digər diqqət cəlb edən maqamı isə Fabio Kuartararonun Yamaha ilə ikinci yeri tutması olub. Fransalı sürücü 1.39.199 zaman nəticəsi göstərərək, günü yaxşı nəticə ilə tamamlayıb.
Ducati komandasının gənc sürücüsü Françesko Banyaya isə sessiya ərzində 3 fərqli motosiklet sınayıb. Köhnə 63 nömrəsi ilə trasa çıxan italyan sürücü günü 3-cü yerdə bağlayıb.
Traxkhouse Aprilia komandasından Raul Fernandes beşinci, KTM-dən Bred Binder isə 6-cı yeri tutublar.
Yeni komandası VR46 ilə ilk dəfə trasa çıxan Franko Morbidelli 7-ci olub və o, Yamaha-nın sürücüsü Aleks Rinsi az fərqlə qabaqlayıb.
KTM komandası ilə ilk dəfə trasa çıxan Pedro Akosta 9-cu, Aprilia-ya keçən yeni Dünya Çempionu Xorxe Martin isə 11-ci olub. Xorxe Aprilia-nın həm 2024, həm də yeni motosikletini test edib və gün ərzində 77 dövrə vurub.
Maverik Vinyales isə Tech3 KTM ilə ilk testinə çıxıb. Onun komanda yoldaşı Enea Bastyanini isə beşinci döngədə ciddi qəza edib. Lakin italyan boksa qayıdaraq, ehtiyat motosikletini götürüb və sessiyaya davam edib.
Təqaüdə çıxan Aleş Esparqaro isə Honda-nın test sürücüsü kimi trasa çıxıb və 14-cü olub.
VR46 komandasından Fabio di Canantonio əməliyyatdan çıxdığı üçün testlərə qatılmayıb.
Şərh əlavə et