Kokpit.az xatırladır ki, Serxio Peresin Red Bull komandası ilə müqaviləsi olsa da, zəif performans göstərdiyinə görə onun qovulacağı iddia olunur. Red Bull komandası üçün hazırda ən güclü alternativlərin Liam Louson və Franko Kolapinto olduğu deyilir.
Belə olan halda hazırda Formula 2-də çempionluq uğrunda mübarizə aparan Red Bull Sürücü Akademiyasının yetirməsi Ayzek Həcər F1-də yarışmaq üçün fürsət axtarır: “Ən azından hələ də bəxtim var. Təbii ki, bu tamamilə məndən asılı deyil. RB və Red Bull-da çox şey baş verir. Hər şey ola bilər. Bundan sonra növbədə mən varam. Bu reallıqdır.
Necə qərar verəcəklərini bilmirəm, amma ümid edirəm ki, bunu dəyərləndirirlər. Mən hər bir halda gələcək üçün hazır olmağa çalışacağam”.
Franko Kolapinto və Oliver Berman təcrübəsiz olmaqlarına baxmayaraq Formula 1-də yaxşı performans göstəriblər. Bu hal Ayzek Həcərin şansını artıra bilər, çünki fransalı sürücü həm Kolapintonu, həm də Bermanı aşağı seriyalarda geridə qoyub. 20 yaşlı sürücü bu barədə belə danışıb: “Bu göstərir ki, bizim dövrümüzün sürücüləri yaxşıdır.
Uzun müddət təcrübənin ən vacib şey olduğunu düşündük və dedik ki, Formula 1-də 10 il keçirmiş pilotu keçmək çətindir. Amma əslində keçmək mümkündür. Sürətlisinizsə, sürətlisiniz. Onlar Formula 1-ə keçməmişdən əvvəl Formula 2-nin vacibliyini göstərdilər”.
Ayzek Həcər sonda qəbul edir ki, Red Bull çox realist simulyatorunun hesabına təcrübə qazansa da, məhdud testlərə görə real maşında eyni performansı göstərə bilməz: “Məncə, hazırda Formula 1 maşını sürmək istəsəm, bu Olli ya da Liamdakı kimi asan olmazdı.
Formula 1-də indiyə kimi cəmi 3 sərbəst yürüşdə iştirak etmişəm. Burada da iş planları həmişə məhduddur.
Üç ildir ki, Red Bull-un sürücü proqramındayam. Formula 2-də ikinci yerdəyəm və komandada ehtiyat sürücüyəm”.
Fransalı sürücü sonda bildirib ki, o gələn il özünə komanda tapa bilməsə, Red Bull-da ehtiyat sürücü kimi qalmaq istəmir: “Sözün açığı belə halda olmaq istəmərəm, çünki sürmək istəyirsiniz. Amma bu olmalıdırsa, bunu edərəm”.
Ayzek Həcər Formula 2-də keçən il Hitech komandası ilə debüt etmiş və mövsümü 14-cü yerdə tamamlamışdı. Bu il isə 4 qələbə qazanıb və çempionatda Bortoletodan sonra ikinci yerdədir.
Şərh əlavə et