Kokpit.az xatırladır ki, ispaniyalı sürücü doğma publikası önündə keçirilən mövsümün son yarışında üçüncü olsa da, bu ona çempionluq üçün bəs edib. Yekunda Martin ən yaxın rəqibi Françesko Banyayadan 10 xal çox toplayıb və karyerasının ilk MotoGP Dünya Çempionluğunu qazanıb.
Françesko Banyaya bu il 20 yarışdan 11-də qalib gəlsə də, stabil olmadığı üçün 3 yarış qazanmış Xorxe Martinə titulu hədiyyə edib.
Xorxe Martin: “Bu əla şeydir. Nə deyəcəyimi bilmirəm. Tamamilə şokdayam. Bu xalqım üçündür, ailəm üçündür, məni dəstəkləyən insanlar üçündür, bu onlar üçündür.
Son dövrələrdə motosikleti sürə bilmirdim. Ağlamağa başladım. Doğrudan da emosional yarış idi.
Uzun macəra idi. Bir neçə qəza, böyük zədələr və sonda buraya qayıtdıq. Buna görə də bütün insanlara və azarkeşlərə təşəkkür edirəm. Bu qələbəni eyni zamanda Valensiyaya həsr edirəm.
Ümid edirəm ki, inkişaf edərik və bu anın həzzini yaşayarıq. Ən vacib şey budur. Üzərindəki gərginliyi kənara qoy və anın həzzini yaşa”.
Françesko Banyaya Barselonada çox güclü idi. O, əvvəlcə sıralanma turunda poul qazandı, daha sonra isə həm sprint yarışında, həm də əsas yarışda qələbə əldə etdi.
Lakin bu qələbələt italyan sürücüyə çempion olması üçün bəs eləmədi, çünki titul üçün Martinin yarışı 9-cu yerdən aşağıda bitirməsi vacib idi.
Françesko Banyaya yarışdan sonra Xorxe Martini çempionluq münasibəti ilə təbrik edib: “Məncə, bu titula layiq idi. Bu gün onun günüdür.
Sadəcə komandama təşəkkür etmək istəyirəm. İnanılmaz iş gördülər. Geri qalan şeylər isə nağıldır. Xorxeni təbrik edirəm”.
Qeyd edək ki, Xorxe Martin gələn il Pramac komandasından ayrılacaq və Aprilia komandası ilə yarışmağa başlayacaq.
Şərh əlavə et