Xəbəri Kokpitdə Oxuyun!

Barselonada Banyaya qazanıb, Martin Dünya Çempionu olub

MotoGP üzrə mövsümün son yarışı Barselonada Françesko Banyaya qalib gəlsə də, yarışı üçüncü yerdə bitirən Xorxe Martin karyerasının ilk Dünya Çempionluğuna sevinib.

Mövsümün son mərhələsi olan Barselona Qran Prisində çempion məlum olacaq. Son yarışa Pramac Ducati komandasının sürücüsü Xorxe Martin əsas rəqibi Françesko Banyayadan 19 xal öndə başlayır. Yəni ki, bu gün  Martin yarışı ilk doqquzluqda bitirsə, Banyayanın neçənci asılı olmayaraq, karyerasının ilk Dünya Çempionluğunu elan edəcək. O, həm də MotoGP tarixində peyk komandası ilə çempionluq yaşayan ilk sürücü olacaq.

Barselona Qran Prisinin birinci sərbəst yürüşlərində Takaqi Nakaqami hamıdan sürətli olub. Françesko Banyaya əsas sərbəst yürüşlərdə birinci yeri tutub. Şənbə günü keçirilən ikinci sərbəst yürüşlərdə isə ən sürətli Maverik Vinyales olub.

Sıralanma turunda isə Françesko Banyaya poulu əldə edib. Aleş Esparqaro ikinci, Mark Markes üçüncü yeri tutub. Çempionatın lideri Xorxe Martin isə yarışa dördüncü yerdən start verəcək.

Dünən keçirilən sprint yarışında Françesko Banyaya qalib gəlib. İkinci yeri Enea Bastyanini, üçüncü yeri Xorxe Martin tutub.

Start – Beləliklə mövsümün son yarışı başlayıb. Martin yaxşı startla 4-cü yerdən ikinci yerə yüksəlib.  Lakin ikinci dövrənin əvvəlində Mark Markes təmiz hücumla Martini geridə qoyub.

Daha sonra isə Enea Bastyanini Xorxe Martinə hücum edərkən səhvə yol verib və Aleş Esparqaro onu keçib. Amma Aleşin üstünlüyü bir dövrə çəkib və Enea yerini bərpa edib. Ancaq Barselonada tamzamanlı karyerasının  son yarışına çıxan Aleş yenidən rəqibini keçib.

Bu arada beşinci dövrədə Mark Markes Françesko Banyaya ilə fərqi 0.1 saniyəyə salıb və ona hücum etməyə başlayıb.

7 dövrədən sonra sıralanma belə olub – Banyaya, Markes, Martin, Esparqaro, Bastyanini, Aleks Markes, Akosta, Morbidelli, Binder, Bezzekki

Yarışın yeddinci dövrəsində Xoan Mir qəza edərək mübarizəni dayandırıb. Səkkizinci dövrədə isə Bastyanini səhv edib və Aleks Markeslə, Pedro Akostanın gerisinə düşərək, 7-ci olub.

Yarışın 10-cu dövrəsində Banyaya səhvə yol verib və Mark Markes ona hücum edib. Lakin Pekko yerini qoruya bilib.

Yarışın 17 dövrəsindən sonra sıralanma belə olub – Banyaya, Markes, Martin, Esparqaro, Aleks Markes, Akosta, Bastyanini, Binder, Morbidelli, Bezzekki

Enea Bastyanini rəqibi Akostaya hücum edərək onu keçib. İspaniyalı sürücü eyni dövrə içində rəqibi Bred Binderə də keçilib.

Yarışın 22-ci dövrəsində Aleks Markes təmiz hücumla Aleş Esparqaronu geridə qoyub və dördüncü yerə yüksəlib.

Beləliklə, yarışın sonuna qədər liderlər qrupunda dəyişiklik olmayıb və Françesko Banyaya yarışı qazansa da, titul Xorxe Martinə gedib. İspaniyalı sürücü üçüncü yeri tutaraq, karyerasının ilk titulunu əldə edib. Martinator həm də MotoGP tarixində peyk komandası ilə çempion olan ilk sürücü olub. Ümumi motosiklet yarışlarında isə peyk komandası ilə çempion olan 4-cü pilot statusunu əldə edib.

Peyk komandası ilə son dəfə 2001-ci ildə Valentino Rossi çempion olmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et