Kokpit.az xatırladır ki, ABŞ Qran Prisindən əvvəl qapalı park qaydaları ilə bağlı qızğın müzakirələr başlamışdı. FİA ABŞ Qran Prisindən əvvəl Red Bull-un qapalı parkda bolidlərinin yüksəkliklərini dəyişdirdiyi ilə bağlı şikayətlər almış və buna təcili formada müdaxilə etmişdi.
Qapalı parkda bolidlərin sazlanmalarına müdaxilə etmək yasaqdır və belə olan halda texniki reqlamenti pozmuş olursunuz. İddialara görə isə boldin ön tərəfindəki bib adlı hissənin yüksəklik sazlnamasının gizli formada dəyişdirildiyi deyilirdi. Bu dəyişiklik hesabına sıralanma turu və yarışda bolidin yanacaq yükünə görə üstünlük qazanmaq mümkündür.
FİA-nın işçiləri keçən həftə Red Bull komandasının bazasını ziyarət ediblər. Ziyarətin məqsədi bib sistemini yoxlamaq idi. Ziyarətdən sonra FİA bu qənaətə gəlib ki, Red Bull komandası qaydalara riayət edir: “FİA davamlı olaraq komandaların texniki, idman, maliyyə qaydalarına uyub-uymadığına nəzarət edir. Biz komandaları həm trasda, həm də bazalarında yoxlayırıq.
Formula 1 komandaları rəqiblərinin qaydalara uymadığını deyəndə biz bu formada hərəkət edirik. Çempionluq uğrunda mübarizənin gərginləşdiyi dövrdə belə halların yaşanması labüddür. FİA bu mövzuları ciddiyə alır. Həftəsonu ərzində və daha sonra davamlı olaraq bu mövzunu təhlil edir.
Bu prosesin bir hissəsi olaraq FİA-dan texniki nümayəndələr bolidin ön tərəfini yoxlamaq üçün Red Bull Racing komandasının bazasına getdilər. Bu araşdırmanın nəticəsində qərara gəldik ki, heç bir qayda pozuntusu olmayıb”.
McLaren komandasının təkər soyutması da araşdırılıb
Braziliya Qran Prisindən əvvəl Red bull komandası FİA-ya bildirmişdi ki, McLaren təkər diskindən təkərlərin içinə su vurur və bunun hesabına təkər gec qızır və gec yeyilir. Bundan sonra FİA bunu da araşdırmağa başlayıb.
Fİa-dan Nikolas Tombazis bu məsələni San Pauluda araşdırıb. Daha sonra isə belə açıqlama verilib: “Braziliyadakı son yarışda FİA komandaların təkərlərin çox qızmasının qarşısını alması üçün su istifadə etdikləri ilə bağlı iddiaları araşdırıb. Qaydaların pozulmasına yönəlik hər hansı bir sübut tapılmayıb. Hər iki mövzu da bağlandı, amma bu halı xırdalıqlarına qədər təhlil edəcəyik”.
Şərh əlavə et