Kokpit.az xatırladır ki, Sauber komandası çərşənbə günü növbəti mövsündə Valtteri Bottasla yollarını ayıracaqlarını və onun əvəzinə Qabriel Bortaletonu gətirəcəklərini açıqlayıblar. Bununla da demək olar ki, Valtteri Bottasın Formula 1 karyerası başa çatıb.
Lakin bu qərar əksəriyyət üçün surpriz olub, çünki Sauber bu il yavaş olsa da, Valtteri Bottas hər yarış komanda yoldaşı Quanyu Çjounu böyük fərqlə məğlub edərək, növbəti mövsüm yarışmağa layiq olduğunu göstərmişdi.
Sauber komandasının texniki və əməliyyat direktoru Mattia Binotto seçiminə aydınlıq gətirib və bildirib ki, Valtteri Bottası yaşına görə seçməyiblər: “Əvvəlcə onu deyim ki, Valtteri ilə aram yaxşıdır. Avqustda komandaya gələn kimi yaxşı yola getməyə başladıq və bir-birimizə güvəndik.
Valtteri ilə tərəfdaşlığımız, bunun prosesi və növbəti mövsüm qarşılaşa biləcəyimiz çətinliklər barədə danışdıq. Komandanın Audi F1-ə dönməsi ilə 2025-ci ilin çətin keçəcəyini bilirik.
Önümüzdə çox uzun yol var və bu prosesi düşünərək qənaətə gəldik ki, komandanın böyük ehtimalla gənc sürücüyə ehtiyacı var. Valtteri və mən faktorlar barəsində qarşılıqlı anlaşdıq.
Düzünü deyim ki, Valtteri Sauber-də yarışmaq üçün güclü namizəd idi. Çox sürətlidir. Fiziki cəhətdən güclüdür və komandanı yaxşı tanıyır. Paddokda insanlar ona hörmət edirlər.
Buna görə də qərar vermək asan olmadı. Amma bəzən bir qərar verməli olursunuz”.
Qeyd edək ki, Valtteri Bottasın tezliklə Mercedes komandasına ehtiyat sürücü getməsi gözlənilir.
Şərh əlavə et