Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Maks Sennanı xatırlatdı

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen Braziliya Qran Prisinin ilk dövrəsində etdikləri ilə 1993-cü ildə Ayrton Sennanın Doninqton Park performansını xatırladıb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Braziliya yarışına 17-ci yerdən başlasa da, finişə hamıdan əvvəl – birinci yerdə çatıb. Üçqat Dünya çempionu startdan sonra əla yer seçib və etdiyi ötmələrlə ilk 3 döngədə 6 yer qazanıb. O, birinxi dövrədən sonra Lyuis Həmiltondan 1 pillə geridə qalaraq, 11-ci yerdə idi.

Daha sonra isə ikinci dövrənin əvvəlində isə əyləcə gec basaraq, 10-cu yerə yüksəlib.

Yarışdan sonra sürücüsünün performansını dəyərləndirən Kristian Horner onun bu performansını Ayrton Sennanın əfsanəvi 1993-cü il Doninqton Park performansı ilə müqayisə edib.

O yarışda Ayrton Senna yarışa 4-cü yerdən başlamış və ilk döngədən sonra Mixael Şumaxerin gerisinə – beşinci yerə düşsə də, daha sonra önündəki Şumaxeri, Karl Vendlinqeri, Deymon Hilli və Alen Prostu keçərək, liderliyə yüksəlmişdi.

Kristian Horner: “Bu gün emosional cəhətdən enişli yoxuşlu bir gün idi, çünki maşınımızın yaxşı olduğunu bilirdik.

Maksın zehni gücü və bununla mübarizə aparması möhtəşəm idi və bugünkü startı çox təsiredici idi. İlk dövrəsi 1993-cü ilin Doninqton yarışı ilə eyni səviyyədə idi. Üçüncü döngədə xarici trayektoriyadan dönürdü. Məncə, ilk dövrədə 6 rəqibini keçdi.

Daha sonra yüksələn, rəqiblərinə çata bilən və birinci döngədə çox güc əyləcə basan yeganə sürücü idi. Lyuis ilə, Oskar Piastri ilə və nəhayət təbii ki, restartda Esteban Okon ilə… Sonra yarışa nəzarət etdi və bəzən hər dövrə bir saniyə fərq ataraq asanlıqla uzaqlaşdı. Yəni ki, çox çətin bir gündə doğrudan da parlayan o oldu”.

Kristian Horner əlavə edib ki, Maks Ferstappen Meksika yarışında aldığı cəzalardan sonra Braziliyada onu tənqid edənlərə performansı ilə cavab verib: “Əlbəttə, sürüş tərzinə görə Maksı tənqid edənlər oldu. Məncə, bu tənqidlərə cavab verməyin ən yaxşı yolu Braziliyadakı kimi performans göstərməkdir.

Yay tətilindən etibarən üstünlüyümüz azalırdı. İyun ayından sonra ilk dəfə qazandığımız üçün boksda hər qazandığımızda Diter Mateşiçin xatirəsinə oxutduğumuz Rolling Stones-u yenudən oxutmaq əla idi”.

Jurnalistlər Hornerdən soruşublar ki, Braziliya Qran Prisindən sonra Maks Ferstappeni Formula 1 tarixinin ən yaxşı pilotu adlandırmaq olar?

Kristian Horner: “Nəsildən nəsilə belə suallara cavab vermək çox çətindir. Berni Ekklstoun yarışdan sonra mənə zəng elədi və dedi ki, çoxlu böyük sürücülər görmüşəm, amma Maks indiyə kimi gördüklərim arasında ən yaxşılardan biridir.

O məndən bir az yaşlıdır və bir az çox yarış görüb. Buna görə də onun kimi bir adamdan belə təriflər eşitmək böyük şərəfdir”.

Rauf Hacıyev

Şərh əlavə et