Xəbəri Kokpitdə Oxuyun!

Audi qətərlilərə satılıb?

Formula 1 jurnalisti Ralf Bax iddia edir ki, Audi-nin əsər səhmlərini qətərli iş adamları alıblar. 

Kokpit.az xatırladır ki, Audi çərşənbə günü Qanriel Bortoleto transferini açıqlamış və bu da Mik Şumaxer üçün pis xəbər olmuşdu. Əfsanəvi Mixael Şumaxerin oğlu Mik Audi-nin vakant yeri üçün namizədlərdən idi, amma Mattia Binotto onu istəməyib. Keçən il Formula 3-də çempion olmuş, bu il isə Formula 2-də liderlik edən Qabriel Bortoleto almanlar üçün daha cəzbedici namizəd kimi görünüb. 

Bundan başqa Mik Şumaxer 2022-ci ildə Haas-dan ayrıldıqdan sonra Formula 1-də yarışmayıb. Növbəti mövsüm üçün ancaq RB komandasında boş yerin qaldığını düşünsək, Mikin şansı qalmadığını görərik. Belə olan halda isə 37 yaşlı Niko Hülkenberq peletonda yeganə alman sürücü kimi çıxış edəcək.

Almaniya isə 2019-cu ildən sonra Formula 1 təqvimində olmayıb. Belə olan halda Almaniyanın Formula 1-dəki gələcəyi qaranlıq görünür. Buna baxmayaraq Audi 2026-cı il üçün işləri düzəltmək istəyir. Ancaq Formula 1 jurnalisti Ralf Bax bildirib ki, Audi-nin əksər səhmləri qətərli sərmayədarlara satılıb. Bax əlavə edib ki, müqavilə bu ayın sonunda Qətər Qran Prisində açıqlanacaq.

Ralf bunu Almaniyada Formula 1-ə bir zərbə kimi görür, çünki belə olan halda Audi-nin dörd halqası maşında sadəcə bəzək kimi görünəcək. Audi Formula 1 komandası Almaniya adı iləyarışan Qətər komandası olacaq.

Ralf Bax: “Sizə onu deyim ki, Audi gələcəkdə Alman komandası olmayacaq, çünki eşitdiyimə görə qətərli sponsorları var. Audi komandasının əksər səhmləri satılıb. Qətər Qran Prisində bunun açıqlanması gözlənilir. Bu da o deməkdir ki, gələcəkdə Niko Hülkenberqdən başqa sürücümüz olmayacaq. Dörd halqa isə maşında sadəcə bəzək kimi qalacaq. Komandanın əksəriyyəti də qətərlilərdən ibarət olacaq”.

Audi-nin sahibi olan Volkswagen qısa müddət əvvəl almaniyada üç zavodunu bağlayıb. Audi isə Formula 1 hazırlıqlarında çox iş görsə də, layihəyə davam etmək üçün səbəb tapa bilmirdi və iki yol arasında qalmışdı. Bu isə o deməkdir ki, Audi qətərli səhmdarların hesabına Volkswagen-ə çox yük olmadan layihəyə davam edəcək.

Audi Almaniya təmsilçisi kimi Mercedes ilə birlikdə Formula 1-də çıxış edəcək. Lakin Mercedes-in bazası Britaniyadadır və onlar daha çox İngilis komandası təəssüratı bağışlayır. Almanların növbəti gözləntisi isə peletonda istedadlı bir alman sürücünün olmasıdır.

Qeyd edək ki, alman sürücülər Formula 1 tarixində 179 qələbə qazanıblar və bu statistikada yalnız  314 qələbə qazanmış İngilislərdən geri qalırlar. Mixael Şumaxer və Sebastyan Fettel bu qələbələrin 144-ə imza atıblar.

Rauf Hacıyev

Şərh əlavə et