Kokpit.az xatırladır ki, qırmızı bayraq zamanı yaranan fasilə o ana qədər pit-stop edərək geriyə düşmüş sürücülərin bütün yarışını alt-üst etməklə yanaşı, trasda qalmış sürücülərə də vaxt qazandırır. Çünki onlar bu fasilədən yararlanırlar və pit yolunda əlavə vaxt sərf etmiş olmurlar.
Stefano Domenikali: “Bu il Monakoda ilk dövrədə qırmızı bayraq aldıq, bu rejimdə hamı məcburi pit-stop etdi, bundan sonra yarış başqa məcrada davam etdi. Biz təkrara yol verməməliyik. Qaydalarda belə ssenarilər nəzərdə tutulmalıdır”.
Keçən həftəsonu yenidən təkərlərin dəyişdirilməsinə qadağa qoyulması barədə müzakirələr başlayıb. Lando Norris yarışda çempionat lideri Maks Ferstappen də daxil olmaqla üç rəqibinin “heç kimin razılaşmadığı bir qaydaya görə şanslı olduğunu” söyləyib. Xatırladaq ki, elə ötən həftəsonu Maks Ferstappen İnterlaqosda 17-ci yerdən başladığı yarışda qalib gəlib və bunda qırmızı bayrağın da rolu olub.
Bir çox seriyalarda belə bir qayda yoxdur. IndyCar-da komandalara qırmızı bayraqlar altında avtomobillərində iş görmək, o cümlədən təkərləri dəyişdirmək qadağandır – yarış qırmızı bayraqlarla dayandırılmazdan əvvəl olduğu kimi, eyni konfiqurasiyada olan maşınlarla davam etməlidir. Lakin F1-də tezliklə heç nə dəyişməyəcək. 2025-ci il üçün Formula 1 reqlamentinin ilk layihəsində FİA hələ də yarış dayandırılacağı təqdirdə komandalara təkərləri dəyişməyə, eləcə də maşınlar üzərində bəzi digər işlər görməyə icazə verəcək.
Vəziyyətdən çıxış yolu qırmızı bayraq altında təkərlərin dəyişidirlməsinin pit-stop kimi qeydə alınmaması ola bilər. Məlum olduğu kimi, sürücülər quru hava şəraitində ən azı 2 növ tərkibdən mütləq istifadə etməlidirlər. Məsələn, bir sürücü yarışa Medium təkərlə başlayaraq qırmızı bayraq əsnasında başqa tərkibə keçsə, bu sayılmaya və sonra yenidən pit-stop edərək fərqli tərkib seçməsi tələb edilə bilər. Lakin bu da özü ilə başqa problem gətirə bilər. Bu halda biz hətta son dövrədə məcburi pit-stop edib mövqe itirən sürücülər izləyə bilərik…
Şərh əlavə et