Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Maksı təbrik edirəm

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, Braziliya yarışında yaşadıqları problemlərə həll yolu tapmağa çalışacaqlar və eyni zamanda yarışın qalibi Maks Ferstappeni təbrik edib.

Kokpit.az bildirir ki, italyan rəhbər Braziliya yarışında yaşadıqları problemlərdən danışıb. Xüsusən də yaş trasda təkər bloklama problemlərinə toxunub və yarışda alınan strateji qərarların arxasında durub və əlavə edib ki, komanda olaraq əskikləri aradan qaldırmaq üçün işləyəcəklər.

Andrea Stella: “İlk olaraq bu mövsüm ən yaxşı qələbələrindən birini qazanan Maksı təbrik etmək istəyirəm. Yarışın başından bəri güclü performans göstərdi və bu qələbəyə sonuna qədər layiq idi.

Bizim üçün yarışda bir neçə insident oldu, ancaq ən böyük problemlərdən biri yaş trasda bloklama problemi idi.

Landonun startda yer itirməsi, ötmə edə bilməməyimiz və daha sonra yağan yağış təkər strategiyamızı çətinə saldı. Virtual təhlükəsizlik rejimində təkər dəyişdirməyə qərar verdik, çünki yağışın artacağını bilirdik. Qırmızı bayraq çıxmasaydı, bu qərarın nəticəsi fərqli ola bilərdi.

Yarış ərzində həm Lando, həm də Oskar təkər bloklanması ilə bağlı problemlər yaşadılar. Bu sadəcə sürücülərdən qaynaqlanan problem deyil. Bolidimizin belə şəraitdə necə davrandığını anlamalıyıq. Növbəti yarışlar bu problemi həll etmək üçün çalışacağıq.

Sürücülər çempionluğu artıq demək olar ki, əlçatmazdır. Ancaq bizim üçün həmişə əsas Mühəndislər Kuboku idi.

Hədəfimiz mövsümün son yarışlarından maksimum nəticə almaq və mövsüm ərzində göstərdiyimiz yüksək standartları qorumaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et