Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Bəxtim gətirmədi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Braziliya Qran Prisində bəxtləri gətirməyib və Maks Ferstappen çox sürətli olub. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Braziliya yarışına pouldan başlasa da, yarışı 6-cı yerdə bitib. Maks Ferstappen isə 17-ci yerdən başladığı yarışı birinci yerdə bitirib. 

Düzü start mövqelərinə baxanda əksəriyyət düşünürdü ki, Lando Norris bu yarışda niderlandlı rəqibi ilə xal fərqini xeyli azaldacaq. Lakin yarışda baş verə bəzi hadisələrdən sonra Maks Ferstappen yarışı qazanıb.

Peletonun əksəriyyəti pitə gəldikdən sonra Maks Ferstappen ikinci yerə yüksəlib və trasda qalıb. Daha sonra Franko Kolapintonun bariyerlərə çırpılması ilə qırmızı bayraqla yarış dayandırılıb. Bundan istifadə edən niderlandlı sürücü qırmızı bayraqda təkərlərini dəyişib və üstünlük qazanıb. Restartdan sonra isə Esteban Okonu keçərək, iyun ayından bəri ilk yarışını qazanıb.

Lando Norris: “Pitə girdiyimiz üçün peşman deyiləm. sadəcə bəxtim gətirmədi. Qırmızı bayraq vaxtı təkər dəyişdirmə qaydası heç kimin qəbul etmədiyi axmaq qaydadır. Amma sizə üstünlük qazandıranda həmişə qəbul edərsiniz. Bu, çox böyük bəxtsizlikdir, amma qayda belədir. bəzən siz üstünlük qazanarsınız bəzən də rəqibləriniz. Bu gün rəqiblərimiz üstünlük qazandılar”.

Lando Norris Red Bull komandasının Braziliya yarışındakı çətin şəraitdə çox güclü olduğunu qəbul edib: “Yarışda əlimdən gələni etdim. Hamısı bu qədər. Maks bizdən sürətli idi və əgər yarışa öndə başlasaydı, yəqin ki, hamımızı bir dövrə qabaqlayardı. Red Bull doğrudan da yarışda çox sürətli idi.

Böyük ehtimalla bizi yenə də məğlub edəcəkdi, amma bizim də bəxtimiz gətirmədi. Əlbəttə mən də qəbul edəcəyim bir neçə səhv etdim və buna görə bir neçə yer itirdim. Qətiliklə deyirəm ki, bizim üçün enişli və yoxuşlu həftəsonu oldu. Bu yarış üçün edə biləcəyim heç nə yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et