Xəbəri Kokpitdə Oxuyun!

San Paulu 2024: Ferstappendən sürücülük dərsi!

İnterlaqosda həftəsonuna təsir edən əsas amil yağış olub. Hava şəraitinə görə dəfələrlə təxirə salınan sıralanma turu bugünə keçirilib və qırmızı bayraqlarla 5 dəfə dayandırıldığı üçün 2 saata yaxın davam edib. Yarışın vaxtı da 1.5 saat irəli çəkilib.

McLaren həftəsonuna inamlı və təmkinli başlayıb. Lando Norris yeganə məşqlərdə ən sürətli olub, sprint yarışının sıralanma turunda isə poulu qazanan komanda yoldaşı ilə birlikdə ilk cərgəni bölüşüb. Sprint yarışında da dubl edən komandanın işi bugünkü sıralanma turunda da yaxşı gedib. Əsas rəqibi Maks Ferstappenin son sessiyaya qala bilmədiyi təsnifat mərhələsində Lando növbəti pouluna sevinib.

Start düzümü olduqca maraqlı olub – Norris və Rassell birinci, Tsunoda və Okon ikinci, Louson və Lekler isə üçüncü cərgədən start alıblar. Təsnifat mərhələsində 12-ci olmuş Ferstappen motor dəyişikliyinə görə 5 yer itirərək 17-ci yerdən yarışa başlayıb. Sıralanma turunda ağır qəza edən Elbonun maşını yarışa qədər hazır olmayıb. Sayns isə maşını düzəldilərkən yeni güc qurğusuna keçib və pit-leyndən mübarizəyə qoşulub.

İsinmə dövrəsi də insidentsiz ötüşməyib – Stroll dördüncü döngədə yerində fırlanaraq trasdan çıxıb, daha sonra isə çınqıllığa düşüb. Sürücülər daha bir sıralanma turuna gediblər, bəzi sürücülər yerindən tez tərpəndiyi üçün daha sonra stüardlar tərəfindən araşdırılacaq. Start 10 dəqiqə gecikdirilib. Sonra yenidən isinmə dövrəsi baş tutub.

Startda Rassell liderliyə yüksəlib. Ferstappen 6, Qasli və Kolapinto isə 4 yer qazanıb. Peres 10-cu dövrənin çıxışında yerində fırlanaraq ən geriyə düşsə də, mübarizəni davam etdirib. Ferstappen Həmiltonu da keçərək 10-cu yerə qalxıb. 3-cü dövrədə ilk onluq: Rassell – Norris – Tsunoda – Okon – Lekler – Louson – Piastri – Alonso – Qasli – Ferstappen.

Berman Kolapinto ilə təmasa görə həm trasdan çıxmalı olub, həm də 10 saniyəlik cəza alıb. Ferstappen 8-ci dövrəyə qədər Qasli və Alonsonu da geridə qoyub. Daha 2 dövrə sonra isə güclü McLaren-də əyləşən Piastrini asanlıqla ötüb. 11-ci dövrədə isə artıq Lousonun önündə olub.

Həmilton trasdan çıxaraq yerini Kolapintoya qapdırıb. Bir qədər sonra isə Sayns və Berman onu üstələyiblər. Ferstappen artıq 22-ci dövrədə Leklerə hücumlar etməyə başlayıb, lakin monakolu sürücü əla müdafiə olunub. Yağış daha da şiddətlənib, yarışın rəhbərliyi məsafənin 1 dövrə qısa olacağını elan ediblər. Sayns trasdan çıxaraq 15-ci yerə yuvarlanıb.

Həmilton Kolapintodan yerini geri alıb. Lekler 25-ci dövrədə təkərlərini dəyişib, onu Hülkenberq və Kolapinto izləyib. Piastri Lousonla təmasa görə 10 saniyəlik cəza alıb. Hülkenberqın trasdan çıxmasına görə Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Niko yoluna davam etsə də, ona qara bayraqlar göstərilib. Piastri, Alonso, Berman, Həmilton, Sayns və Peres təkərlərini dəyişdilər. Peres yağış təkərinə keçib.

Növbəti dövrədə Rassell, Norris, Tsunoda və Louson rejim ləğv edilən kimi pit-stop ediblər. Tsunoda və Lpuson da yağış təkərlərinə keçiblər. Yağış güclənib, Təhlükəsizlik Maşını trasa çıxıb. Yarış 32-ci dövrədə Kolapintonun qəzasına görə qırmızı bayraqlarla dayandırılıb. Hamı pit-leynə qayıdıb. Yarış dayandırılarkən ilk onluq: Okon – Ferstappen – Qasli – Norris – Rassell – Tsunoda – Lekler – Piastri – Alonso – Louson.

Fasilə 25 dəqiqə davam edib. Pit-stop etməmiş sürücülər üçün qırmızı bayraq göydəndüşmə olub. Çünki onlar təkərlərini elə bu fasilədə dəyişərək pit-stop üçün əlavə vaxt itirməyiblər. Restart zamanı Okon liderliyini qoruyub. Rassell Norrisi üstələyib. Həmilton Alonsonu ötüb. Berman 36-cı dövrədə yerində fırlanaraq baryerlərlə təmas etsə də, trasa qayıdıb. 2 dövrə sonra isə otluğa çıxıb. 39-cu dövrədə Saynsın qəzası TM-nın yenidən trasa çıxmasına səbəb olub.

Restart 43-cü dövrədə elan edilib. Maks dərhal Okona hücum edib və yarışda liderliyə yüksəlib. Norris isə trasdan çıxaraq 3 yer itirib, 7-ci yerdə geri qayıdıb. Bu anı bəlkə də çempionatın qırılma anı hesab etmək olar. 45-ci dövrədə ilk onluq: Ferstappen – Okon – Qasli – Lekler – Rassell – Piastri – Norris – Tsunoda – Louson – Peres.

Komanda Piastridən Norrisi önə buraxmasını istəyib. Rassell dördüncülük mübarizəsində səhvə yol verən Lekleri arxada qoyub. Piastri trasdan çıxıb, Tsunoda bundan istifadə edərək önə keçməyə çalışsa da, Oskar yerini qoruya bilib. Peres Lousonua hücumlar edib. Daha sonra Həmilton ondan geri qalıb.

Maks Ferstappen 17-ci yerdən başladığı yarışda finiş xəttini birinci keçərək mövsümdə 8-ci, karyerasında isə 62-ci qələbəsini qazanıb və ardıcıl dördüncü çempionluq üçün vacib addım atıb – artıq aradakı xal fərqi 62-dir və gələn yarışdan etibarən titulunu rəsmiləşdirmə şansı olacaq. Esteban Okon və Pyer Qasli iki və üçüncü yeri tutaraq Alpine komandasına ikiqat podium sevinci bəxş ediblər. Bununla da, Mühəndislər Kubokunda 3 pillə irəliləyərək 6-cı yerə yüksəliblər.

Mübarizə 3 həftə sonra Las Veqasda davam edəcək.

 

Elçin Zodorov

Şərh əlavə et