Yarışa Françesko Banyaya Pouldan başlayacaq. Onun çempionatdakı əsas rəqibi Xorxe Martin isə ikinci yerdən start alacaq. Aleks Markes ilk cərgəni tutan son sürücüdür. Franko Morbidelli və Mark Markes isə beşliyi bağlayan sürücülərdir.
Dünən keçirilən sprint yarışında Françesko Banyaya yıxılıb və Xorxe Martin yarışı qazanıb. Hazırda Martin 29 xal fərqlə çempionatda liderdir. İspaniyalı sürücü bugünkü yarışı qazansa, Banyaya üçüncü olsa, Martin çempionluğunu elan edəcək. Bununla da Xorxe müstəqil komanda ilə çempion olan dördüncü sürücü olacaq.
Start – Startda Xorxe Martin Banyaya ilə yan-yana gəlsə də, italyan sürücü rəqibini buraxmayıb və liderliyini qoruyub. Bu anda ilk döngədə 3 sürücü – Cek Miller, Bred Binder və Fabio Kuartararo təmas edərək, yıxılıblar. Buna görə də stüardlar qırmızı bayraqlarla yarışı dayandırıblar.
Cek Millerin ciddi bir zədəsi olmadığı ilə bağlı xəbər gəlib.
Bakı vaxtı ilə 11:20-də sürücülər restart üçün yenidən start-finiş düzlüyünə gəlib. Fabio Kuartararo və Bred Binder yarış üçün trasa qayıtsalar da, Binder sonradan boksa gəlib və yarışdan çəkilib.
Banyaya starta ön Soft, arxa Medium, Martin isə ön və arxa Medium təkərlərlə çıxıb.
Restart – Banyaya əla startla liderliyini qoruyub. Lakin Martin hücumlarını davam etdirib və iki sürücü yan-yana gəlsələr də, Françesko yerini yenə qoruyub.
İlk dövrədə arxa düzlüyə girərkən Pekko səhv edib və Martin liderliyə yüksəlib. Lakin start-finiş düzlüyünə çıxarkən ispaniyalı sürücü əyləcə gec basıb və Pekko onu keçib. İkinci dövrədə yenə də Martin Banyayanı keçsə də, yenə eyni ssenari ilə Françesko yerini qoruyub. İkinci dövrədə start-finiş düzlüyündə az qala iki sürücü az qala təmas edəcəkdilər.
Üçüncü dövrədə isə Martin liderliyi alıb. Amma start-finiş düzlüyündə Banyaya daxiki trayektoriyadan gələrək liderliyi yenidən geri alıb.
Yarışın 6-cı dövrəsində Xoan Mir qəza edərək mübarizəni dayandırıb.
Yarışın 7-ci dövrəsində isə Mark Markes podiuma gedərkən qəza edib. O, yarışa davam etsə də, 17-ci yerə qədər geriləyib.
Yarışın sonuna 7 dövrə qalmış sıralanma belə olub – Banyaya, Martin, Bastyanini, Aleks Markes, Akosta, Kuartararo, Vinyales, Rins, Bezzekki, Fernandes, Zarko, Esparqaro, Raul Fernandes, Marini, Morbidelli
Yarışın sonuna beş dövrə qalmış Xorxe Martin fərqi azaltmağa başlayıb. İspaniyalı sürücü bir dövrəyə 0.6 saniyə fərq bağlayıb. Lakin növbəti dövrənin üçüncü sektorunda Martin səhv edərək 0.8 saniyə itirib.
Beləliklə, Françesko Banyaya Malaziya yarışını qazanıb. Xorxe Martin ikinci, Bastyanini üçüncü olub.
Aleks Markes dördüncü, Pedro Akosta beşinci yeri tutub.
Fabio Kuartararo 6-cı, Maverik Vinyales 7-ci, Aleks Rins 8-ci, Marko Bezzekki 9-cu, Avqusto Fernandes 10-cu yerdə finişə çatıblar. Yarışda yıxılaraq gerilərə düşən Mark Markes isə yekunda 12-ci yeri tutub.
Şərh əlavə et