Braziliyada birinci sərbəst yürüşlərdən sonra keçirilən sprint sıralanma turunun birincisi Oskar Piastri olub. İkinci yeri Lando Norris, üçünü yeri isə Şarl Lekler tutub.
Birinci sessiya – Norris zirvədə, Ferstappen altıncı
San Pauluda keçirilən sprint sıralanma turu buludlu, amma yağışsız hava şəraitində başlayıb. Yaşıl işığln yanması ilə 12 dəqiqəlik ilk sessiya başlayıb və trasa birinci Ferrari pilotları çıxıb.
İlk cəhdlərdən sonra Oskar Piastri zirvəyə yerləşib. Mercedes komandasının sürücüsü Corc Rassell isə radiodan bildirib ki, əyləcə basarkən problem yaşayır.
Birinci sessiyada ən sürətli dövrəni 1.09.477 ilə Lando Norris atıb. Onu 0.788 saniyə fərqlə komanda yoldaşı Oskar Piastri və Williams komandasının sürücüsü Aleks Elbon izləyib.
İkinci sessiyaya keçə bilməyən sürücülər isə bunlar olub – Fernando Alonso, Esteban Okon, Yuki Tsunoda, Ləns Stroll və Quanyu Çjou
İkinci sessiya – Norris yenə zirvədə, Peres və Həmilton ələnir
On dəqiqəlik ikinci sessiya başlayan kimi sürücülər yenə trasa çıxıblar. İlk cəhdlərdən sonra ən sürətli pilot 1.09.063 zaman nəticəsi ilə Lando Norris olub. İkinci yeri komanda yoldaşı Oskar Piastri tutub. Ferrari-dən Şarl Lekler isə 0.185 saniyə geridə qalaraq, üçüncü olub.
İkinci sessiyadan sonra ələnən sürücülər bunlar olub – Lyuis Həmilton, Niko Hülkenberq, Serxio Peres, Franko Kolapinto və Valtteri Bottas
Üçüncü sessiya – Oskar Piastri son cəhdində poulda
Sprint sıralanma turunun üçüncü və son sessiyasında sürücülər poulun taleyini həll etmək üçün trasa çıxıblar. Burada açılışı McLaren komandasının sürücüləri ediblər.
Səkkiz dəqiqəlik son sessiyada Oskar Piastri 1.08.899 zaman nəticəsi ilə poul qazanıb. Avstraliyalı sürücünü ondan 0.029 saniyə geridə qalan Lando Norris izləyib. Şarl Lekler bu dəfə də üçüncü olub.
Çempionatın lideri Maks Ferstappen dördüncü, sonuncu Meksika yarışının qalibi Karlos Sayns isə beşinci yeri tutub.
Şərh əlavə et