Xəbəri Kokpitdə Oxuyun!

Braziliya sprint yarışı – Norris qalib gəlib, McLaren dubl edib

Braziliyada keçirilən mövsümün son sprint yarışını Lando Norris qazanıb. Oskar Piastri ikinci, Maks Ferstappen üçüncü olub.

Braziliya Qran Prisinin birinci və yeganə sərbəst yürüşlərində Lando Norris birinci olub. Dünən keçirilən sprinr sıralanma turunda isə Oskar Piastri poul qazanıb. Lando Norris ikinci, Şarl Lekler üçüncü olub. Çempionatın lideri Maks Ferstappen sprint yarışına dördüncü yerdən başlayacaq.

Aston Martin komandasının sürücüləri və Quanyu Çjou isə yarışa pit yolundan start verəcəklər.

Bütün sürücülər yarışa Medium təkərlə start veriblər.

Start: Startda dəyişiklik olmayıb. Maks Ferstappen ilk döngədə təkərlərini bloklayaraq Leklerlə yan-yana gəlsə də, rəqibini keçə bilməyib.

Əvəzindən arxa tərəfdə Lyuis Həmilton 11-ci yerdən 14-cü yerə geriləyib.

İkinci dövrənin sonunda Maks Ferstappen yenidən Şarl Leklerə hücum edib. Niderlandlı sürücü start düzlüyündə xarici trayektoriyadan şansını yoxlasa da, alınmayıb.

Yarışın 7 dövrəsindən sonra sıralanma belə olub: Piastri, Norris, Lekler, Ferstappen, Sayns, Rassell, Qasli, Louson, Hülkenberq və Berman

Yarışın doqquzuncu dövrəsində Lekler Norrislə fərqi 0.5 saniyəyə qədər salıb. Ferstappen də monakolu sürücüdən 0.5 saniyə geridə gəlib.

Bu anda Niko Hülkenberq əvvəlcə komanda yoldaşı Bermana, sonra isə Serxio Peresə keçilərək, 9-cu yerdən 11-ci yerə yuvarlanıb.

Oskar Piastri yarışın 10-cu dövrəsində Lando Norrislə fərqi 1 saniyənin üzərinə çıxarsa da, komandası ona radiodan deyib ki, Landoya DRS ver. Beləliklə ilk 4 sürücü 1 saniyənin altında bir-birləri ilə mübarizə aparıblar.

Yarışın 11-ci dövrəsində Serxio Peres Oliver Bermanı da keçərək, 9-cu yerə yüksəlib və Liam Lousonu qovmağa başlayıb.

Yarışın 12-ci dövrəsində Maks Ferstappen Şarl Leklerə növbəti hücumu etsə də, yenə uğursuz olub. Maks radiodan komandasına Leklerin çox səhv etdiyini deyib.

Yarışın 15-ci dövrəsində Serxio Peres rəqibi Liam Lousonu keçərək, 8-ci olub və xal zonasına düşüb, amma meksikalı sürücü təkərini bloklayaraq, yenidən Liamın gerisinə düşüb.

15-ci dövrədə Lando Norris Şarl Leklerlə fərqi 1 saniyənin üzərinə çıxarıb. Bu isə o demək idi ki, monakolu sürücü artıq DRS-dən istifadə edə bilməyəcək. Bu isə Maks Ferstappenin işini asanlaşdıran nüans olub.

Yarışın 18-ci dövrəsində Maks Ferstappen axır ki, Şarl Lekleri geridə qoyub və üçüncü yerə yüksəlib. Niderlandlı sürücü xarici trayektoriyadan etdiyi hücumla podiumun son pilləsi üçün əsas namizəd olub.

Yarışın 20-ci dövrəsində Peres bu dəfə təmiz hücumla Liam Lousonu geridə qoyub və yenidən xal zonasına yüksəlib. Bu anda McLaren radiodan Piastriyə deyib ki, Ferstappen artıq Lekleri keçdi…

Yarışın 21-ci dövrəsində Niko Hülkenberq ikinci sektorda dayanıb və o sektorda sarı bayraqlara səbəb olub. 22-ci dövrədə isə McLaren komanda əmri verərək, Lando Norrisi Oskar Piastrinin önünə keçirib. Elə həmin dövrədə Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub.

Yarışın son dövrəsində Virtual Təhlükəsizlik Maşını götürülüb. Maks Ferstappen Oskar Piastriyə bir neçə hücum etsə də, nəticəsiz qalıb.

Beləliklə, Braziliyada keçirilən mövsümün son sprint yarışını Lando Norris qazanıb. Oskar Piastri ikinci, Maks Ferstappen üçüncü olub. Şarl Lekler və Karlos Sayns isə beşliyi bağlayıblar.

Corc Rassell, Pyer Qasli və Serxio Peres xal alan digər sürücülər olublar.

Yarışdan sonra stüardlar  virtual təhlükəsizlik maşını vaxtı Oskar Piastriyə çox yaxınlaşdığı üçün Maks Ferstappeni qeydə alıblar.

Rauf Hacıyev

Şərh əlavə et