Xəbəri Kokpitdə Oxuyun!

Norris Braziliyada iddialı başlayıb

Braziliya Qran Prisi üzrə birinci sərbəst yürüşlərin qalibi Lando Norris olub. Onu Corc Rassell və Oliver Berman izləyiblər. 

Kokpit.az bildirir ki, Braziliya Qran Prisinin ilk və tək sərbəst yürüşləri günəşli və quru hava şəraitində başlayıb. 

Sessiyanın ilk sürətli dövrəsini isə Haas komandasında xəstələnmiş Kevin Maqnusseni əvəz edən Oliver Berman atıb. Əksər sürücülər onu izləyiblər və ardıcıl sürətli dövrələr gəlməyə başlayıb. RB sürücülərindən başqa bütün pilotlar ilk cəhdləri üçün Medium təkərləri seçiblər. Tsunoda və Louson isə trasa Soft təkərlərlə çıxıblar.

İlk cəhdlərdən sonra Oskar Piastri 1.13.478 zaman nəticəsi ilə liderliyə yüksəlib. Qısa müddətdən sonra Lando Norris komanda yoldaşına 0.599 saniyə fərq ataraq liderliyə yüksəlib.

Sessiyanın 10 dəqiqəsi geri qaldıqdan sonra beşlik belə olub – Serxio Peres, Corc Rassell, Lando Norris, Lyuis Həmilton, Şarl Lekler.

 

Sessiya vaxtı Lyuis Həmilton yavaşlayan Karlos Saynsı son anda görüb və sükanını döndərərək, qəzadan qaçıb.

Birinci sərbəst yürüşlərdə 20 dəqiqədən sonra beşlik belə olub – Ferstappen, Rassell, Peres, Sayns, Lekler. Yarısı geri qaldıqdan sonra isə sıralanma belə olub – Ferstappen, Həmilton, Rassell, Alonso və Peres.

Sessiyanın bitməsinə 20 dəqiqə qalmış Corc Rassell Soft təkərlərə keçib və atdığı dövrə ilə liderliyi götürüb. Sıralanmada onu Medium təkərlərlə dövrələr vurmuş Maks Ferstappen və Lyuis Həmilton izləyiblər.

Bu arada Lando Norris və Serxio Peres pit girişində yan-yana gəliblər, amma sürücülər təmas yaşamayıblar.

Sessiyanın sonlarında sürücülər Soft təkərlərə keçərək, sürətli dövrələr vurmağa başlayıblar. İlk cəhdlərdən sonra Corc Rassell 1.10.791 zaman nəticəsi ilə liderliyi alıb. Ancaq Lando Norris son dəqiqədə atdığı dövrə ilə rəqibini 0.181 saniyə geridə buraxıb və sessiyada zirvəni ələ alıb.

Lando Norrisi növbə ilə Rasell, Verman, Piastri, Elbon, Lekler , Sayns, Hülkenberq, Alonso və Qasli izləyiblər.

Rauf Hacıyev

Şərh əlavə et