Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Səhv pasporta sahibəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ona qarşı olan tənqidləri vecinə almır.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlayıb və xüsusən də restartdan sonra Mask Ferstappenlə bir neçə təkər-rəkər mübarizə yaşayıb. Bu mübarizələrdə niderlandlı pilot rəqibini trasdan çıxarıb və tras xaricinə çıxaraq üstünlük qazanıb. Yekunda stüardlar Maksa iki dəfə 10 saniyə zaman cəzası veriblər.

Lakin çempionatın lideri Meksikadadakı insidentlərə görə gələn tənqidlərə cavab verib və bildirib ki, o tənqidləri diqqətə belə almır və Formula 1-dəki 10-cu mövsümünü geridə buraxır.

Maks Ferstappen: “Üç dəfə Dünya Çempionu oldum və Formula 1-də 10-cu mövsümümü keçirirəm. Buna görə də nə etdiyimi bilirəm. Fikirlərim var, amma onları paylaşmaq məcburiyyətim yoxdur.

Məncə, burada vəziyyət ya qalib gəlməkdir ya da uduzmaqdır. Yarışmaq ümumilikdə belə bir şeydir. Qazanmağı sevirəm. Uduzmaqdan isə zəhləm gedir. Əksər insanlar onsuz da uduzmağı sevmirlər. Mən Meksikada bacardığım qədər yaxşı nəticə qazanmağa çalışdım. Bəzən qazanarsınız, bəzən də uduzarsınız”.

Maks Ferstappen əlavə edib ki, hazırkı yarış qaydaları çox qarışıqdır və trasdakı insidentlərə nəzarət edəcək mükəmməl qaydalar kitabı heç vaxt olmayacaq: “Məncə, bu mövzu elə də bəsit deyil. Neçə saniyə cəza alacağımız belə dəqiq deyil. Daha əvvəl də dediyim kimi – Bəzən qaydalar sənin lehinə işləsə də, bəzən əleyhinə olur.

Düşünürəm ki, bu heç vaxt mükəmməl olmayacaq, çünki qaydaları azaltdığınızda nəyin düzgün, nəyin səhv olduğunu anlamaq çətinləşir. Amma qaydalar çox olanda o zaman daha azını istəyirik. Buna görə də qaydalar gah sağa gedir, gah da sola…

Qaydalar çoxdur? Böyük ehtimalla hə. Ümumilikdə qaydalar kitabı hər il daha da böyüyür. Düşünürəm ki, bu doğru addımlamaq deyil. Amma bütün bunlara baxmayaraq günün sonunda danışılanlar mənim problemim deyil. Həyatıma davam edirəm və maksimum performansımı göstərməyə çalışıram”.

Meksika yarışından sonra sabiq Formula 1 sürücüləri Deymon Hill və Conni Herbert gənc niderlandlını sərt formada tənqid ediblər. Hətta Hill bildirib ki, Maks təmiz yarışmaq üçün çox acizdir.

Son üç ilin Dünya Çempionu hər iki şərhçiyə də sərt cavab verib: “Əgər Formula 1 karyeralarında hər şeyi bu qədər çox bilsələr, çempion olardılar.

Əksər insanların ön mühakimələrini və səhv pasporta sahib olduğumu bilirəm. Pasportumdan çox razıyam, amma bu paddok üçün düzgün pasport deyil”.

Rauf Hacıyev

Şərh əlavə et