Kokpit.az bildirir ki, britaniyalı sürücü Ayrton Sennanın 1990-cı ildə çempionluğu qazandığı McLaren Formula 1 bolidini sürməyə hazırlaşır.
Qeyd edək ki, Ayrton Senna 1994-cü ildə San Marina Qran Prisində qəza edərək dünyasını dəyişmişdi. Bu il idman tarixinin ən sarsıdıcı itkilərindən biri olan bu ölümdən 30 il keçir. Buna görə də Formula 1 rəhbərliyi braziliyalı sürücünü xatırlamaq üçün çoxlu tədbir keçirir. May ayında İmola Qran Prisindən əvvəl dördqat Dünya Çempionu Sebastyan Fettel öz kolleksiyasında olan 1993-cü ilin McLaren-i ilə şou sürüşü etmişdi. Yarışdan əvvəl isə Formula 1 pilotları Ayrton Senna maskaları taxmışdı.
Bundan başqa McLaren komandası Monako Qran Prisində Sennanın dəbilqə dizaynına bənzər sarı yaşıl və mavi rənglərlə yarışmış və braziliyalı əfsanəni yad etmişdi.
İndi isə Braziliya mətbuatı xəbər verir ki, Həmilton İnterlaqosda McLaren MP4/5B-nin sükanı arxasına keçəcək və şou sürüşü edəcək. Bununla da Formula 1 növbəti dəfə Ayrton Sennanı yad edəcək.
Senna Siempre (Həmişa Senna) tədbirinin şənbə günü sprint yarışı və əsas sıralanma turundan sonra keçirilməsi planlaşdırılır.
Lyuis Həmilton Formula 1-də 2007-ci ildə debüt edib və o vaxtdan həmişə deyib ki, Ayrton Senna fanatıdır. Yeddiqat Dünya Çempionu İnterlaqos trasında 2016, 2018 və 2021-ci illərdə üç dəfə qalib gəlib. Bundan başqa Lyuis 2022-ci ildə San Paulu yarışından əvvəl Braziliyanın fəxri vətəndaşı elan edilmişdi.
Bütün bunlardan başqa Lyuis Həmilton 2007-ci ilin Kanada Qran Prisində poul sayında Ayrton Sennaya çatdığı üçün ona Sennanın yarışda istifadə etdiyi bir dəbilqə hədiyyə edilmişdi.
Lyuis Həmilton 2014-cü ildə BBC üçün yazdığı köşə yazısında Ayrton Sennaya olan heyranlığını dilə gətirmiş və braziliyalı əfsanəni “əls qəhqəman” kimi təqdim etmişdi.
Şərh əlavə et