Kokpit.az bildirir ki, 17-ci yerdən start alan Yaqub Əliyev yarıfinal yarışı başlamamış pitdən keçmə cəzası alıb. Lakin o yaxşı start alıb və 13-cü yerə qədər yüksəlib. Ancaq olan bundan sonra olub və rəqibləri Yaquba təmas edib. Bundan sonra təmsilçimiz bir neçə yer itirib. 1-ci dövrənin sonunda isə pitdən keçmə cəzasını almaq üçün pit yoluna yönlənib. Bununla da 21 yaşlı pilotumuz yarışda sonuncu pilləyə düşüb.
Lakin Yaqub yenə təslim olmayıb və yaxşı dövrələr vuraraq rəqiblərinə çatıb. Gürcüstanlı rəqibini keçdikdən sonra təkərlərini dəyişmək üçün pitə yönlənib və burada gürcüstanlı rəqibi onu arxadan vuraraq, maşınını zədələyib. Yaqub yenə təslim olmayaraq Banqladeşli rəqibini də keçib və yekunda 18-ci olub.
Ən gülməli nüans isə ondan ibarətdir ki, yarışdan sonra pitdən keçmə cəzasının stüardların yox, oyun sistemindəki səhvin verməsidir. Yəni Yaqub heç nədən burada 35-40 saniyə vaxt itirib. Üstəlik startda ona təmas edən heç bir rəqibinə cəza verilməyib.
Yarışdan sonra danışan Yaqub Əliyev bunları deyib: “Yarış başlamamış səbəbini bilmədiyim pitdən keçmə cəzası aldım. Bu bəs deyilmiş kimi birinci dövrədə rəqiblərim mənə təmas etdilər. Pitdən keçmə cəzasını çəkdikdən sonra isə demək olar yarışım bitdi. Yoxsa onluq uğrunda mübarizə aparmaq üçün şansım var idi.
Yarışdan sonra təşkilatçıların yanına gedib, pitdən keçmə cəzasının səbəbini soruşdum. Dedilər sən heç bir səhv etməmisən. Oyundakı problemə görə olub. Ancaq sən pitə girib cəzanı çəkməsəydin. Bir dövrədən sonra biz onu siləcəkdik. Mən isə onlara dedim ki, siz mənə bu barədə məlumat verməmisiniz. Cəzamın ləğv olunmasını və itirdiyim vaxtın qaytarılmasını istəsəm də, bunun mümkünsüz olduğunu dedilər”.
Yaqub Əliyev pitdən keçmə cəzasını elə birinci dövrədə çəkib. Halbuki, o, bu cəzanı çəkmək üçün 3 dövrə gözləyə bilərdi. Gənc təmsilçimiz buna da aydınlıq gətirib: “Arxamda iki rəqibim mənimlə mübarizə aparırdı. Mən də onlarla mübarizədə təkərlərimi yeməyim deyə cəzamı çəkdim və önüm təmiz formada yarışmağa başladım. Ancaq yenə deyirəm. Təşkilatçılar mənə o cəzanı siləcəkləri barədə heç nə deməmişdilər”.
Beləliklə, Yaqub Əliyev Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ilk dəfə qatıldığı bu çempionatda ölkəmizi layiqincə təmsil edib. Kokpit.az saytı adından ona gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq.
Şərh əlavə et