Xəbəri Kokpitdə Oxuyun!

Meksika-2024: Sayns poul yarışında qarşısıalınmaz olub

Ardıcıl 3 Amerika yarışının ikincisi Mexikoda, dəniz səviyyəsindən kifayət qədər yüksəklikdə, aerodinamika və asfaltayatma qüvvəsinin effektinin az olduğu bir trasda baş tutub. Tribunalar isə hər zamankı kimi, tam dolu olub.

Cümə günü baş tutan ilk məşqlərdə Corc Rassell, ikinci məşqlərdə isə Karlos Sayns ən sürətli dövrənin müəllifi olub. Şənbə günü keçirilən son məşqlərdə isə Oskar Piastri hamıdan fərqlənib.

Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Sürücülər asfaltla ilişmənin az olmasından şikayətləniblər.

İlk sessiyada Norrislə yanaşı, Mercedes və Ferrari sürücüləri orta, qalan hamı isə yumşaq təkərlərlə trasa çıxıb. Ferstappen liderliyə yüksəlib, lakin Norris onun nəticəsini yarım saniyə yaxşılaşdırıb ki, bu da sessiyanın ən yaxşı vaxt olaraq qalıb. Sürücülər arıdıcıl dövrələrlə təkərləri isitməyə çalışıblar. Piastri növbəti mərhələyə keçmək üçün cəhd etsə də, alınmayıb. Onunla birlikdə Çjou, Okon, Peres və Kolapinto da mübarizəni dayandırıblar.

İkinci sessiyada hamı Soft təkərləri seçib. Lekler bordürlə təmas yaşayıb, nəticəsi isə ləğv edilib. Monakolu sürücü boksa qayıdıb. O, ikinci cəhdə çıxan ilk sürücülərdən olub və maşında heç bir problem müşahidə edilməyib. Sessiyanın sonlarında Tsunodanın qəzası qırmızı bayraqlara səbəb olub. Norris protokollara başçılıq edib – 1:16.301. Bottas, Stroll, Alonso, Louson və Tsunoda növbəti mərhələyə keçməyiblər.

Son sessiyada maneələrin bərpa edilməsi üçün bir neçə dəqiqə gecikib. Hamı Soft təkərləri seçib. Maksın ilk dövrəsi trasdan tam çıxdığı üçün ləğv edilib. Sayns hamıdan sürətli olub. İspan sürücü ikinci cəhdində nəticəsini daha da düzəldib və 1:15.946-lıq dövrə ona poul almaq üçün kifayət edib.

Karlos Sayns mövsümdə ilk, karyerasında isə altıncı poulunu qazanıb. Sabahkı yarışa onun yanından Maks Ferstappen başlayacaq. İkinci cərgəni Lando Norris və Şarl Lekler, üçüncü cərgəni isə Mercedes sürücüləri zəbt edəcəklər. Serxio Peres doğma yarışına olduqca gerilərdən başlayacaq.

Çempionatda vəziyyət çox gərgindir və sabahkı yarış bir çox şeyi həll edə bilər…

Elçin Zodorov

Şərh əlavə et