Xəbəri Kokpitdə Oxuyun!

S.Peres işləri tərsinə çevirmək istəyir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, bərbad mövsüm keçirdiyinin fərqindədir, amma öz ölkəsində bu vəziyyəti xeyrinə dəyişdirmək istəyir.

Kokpit.az xatırladır ki, meksikalı sürücü son podiumunu mövsümün beşinci yarışı olan Çində qazanmışdı. Ondan sonra isə bəzi yarışlarda xal almağa belə çətinlik çəkib. Çekonun bu performansı tənqidlərə səbəb olub və bəzi iddialara görə Red Bull onunla yollarını ayırmaq istəyir.

34 yaşlı pilot 2024-cü ilin onun üçün çətin keçdiyini qəbul etsə də, bu vəziyyəti Meksika yarışından etibarən düzəldə biləcəyinə inanır.

Bu həftəsonu doğma publikası önündə yarışmağa hazırlaşan Serxio Peres: “Bilirəm ki, çox bərbad mövsüm keçirirəm. Amma burada yaxşı nəticə qazansam, mövsümün gedişatı dəyişə bilər. Formula 1-də temp qazanmağın çox vacib olduğunu düşünürəm. Burada yaxşı nəticə qazansam, mövsümdə hər şeyi tərsinə çevirə bilərəm.

Keçən il burada qələbəyə fokuslanmışdım və əlimdən gələni etdim. Bir yarışçı kimi əlinizdən gələn hər şeyi etsəniz, heç vaxt peşmanlıq çəkməzsiniz.

İndi də hədəfim buraya gələn insanlar üçün əlimdən gələnin ən yaxşısını etməkdir. Bundan başqa Mühəndislər Kubokunu qazanmaq istəyirik. Buna görə də hər iki maşın da ən yaxşı performans və paketlə yarışmalıdır”.

Qeyd edək ki, Serxio Peres artıq 14 yarışdır ki, podium üzünə həsrətdir. O, hazırda çempionatda böyük dörd komanda sürücüləri arasında sonuncu – 8-ci yerdədir.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko isə bildirib ki, onlar hazırda digər alternativləri dəyərləndirirlər. Hətta bəzi iddialara görə Yuki Tsunoda mövsümün sonunda Əbu Dabi testlərində Red Bull ilə təkər testlərinə çıxacaq.

Bütün bu nüanslara görə Serxio Peresi çox çətin beş yarış gözləyir. Meksikalı pilotun bu imtahandan necə çıxacağı hamıya maraqlıdır.

Rauf Hacıyev

Şərh əlavə et