Kokpit.az xatırladır ki, Amerika yarışının son döngəsində Maks Ferstappenlə Lando Norris podium uğrunda mübarizə aparmış və britaniyalı sürücü trasdan çıxaraq Maksı keçmişdi. Stüardlar bu insidenti araşdırmış və Lando Norrisə beş saniyə zaman cəzası vermişdi.
Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Formula 1-də təkər-təkərə mübarizə apararkən qaydalarla yox, sezgiləri ilə hərəkət edir və yarış ərzində qaydalar barədə düşünmür.
Maks Ferstappen: “Az qala maşında yanıma qaydalar kitabı qoyacam. İllər keçdikcə bu kitab çox böyüyüb. Mən sezgilərimlə hərəkət edirəm, amma təbii ki, bəzi qaydalar ağlımda olur”.
Üçqat Dünya Çempionu ABŞ yarışında Lando Norris ilə mübarizəsindən danışıb: “İnsanların mənim zehnimi oxumağa çalışması doğrudan da təsiredicidir. Təbii ki, döngəni rəqibimdən öndə dönməyə çalışıram. Biz əvvəldən demişdik ki, bir-birimizlə sərt mübarizə aparmaq istəyirik”.
Red Bull komandası ABŞ-da qənaətbəxş performans göstərib və Maks Ferstappenlə əvvəlcə sprintdə qalib gəlib və əsas yarışda podiuma yüksəlib. Amma bolidin hələ də Hard təkərlərdə zəif olduğu diqqətlərdən yayınmayıb.
Niderlandlı pilot sonda bolidin performansını və mövsümün indiyə kimi keçən hissəsini dəyərləndirib: “Ostindəki yarışın ikinci hissəsi çətin keçdi. Ön təkərlərdə ilişməni itirmişdim. Bu da bizim üçün əyləclənməyi çətinləşdirirdi. Pozitiv həftəsonu keçirdik, amma hələ görüləsi işlərimiz var.
Yarış tempində daha yaxşı olmalıyıq. Bunun üzərində işləyirik. Mövsümün ortasında qalib gəldiyimiz yarışlarda maşınımızın əsl potensialı o deyildi. Amma ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edirdik”.
Qeyd edək ki, Maks Ferstappen bu mövsüm hamıdan çox – 7 yarış qazanıb və hazırda 354 xalla liderdir. Onun ən yaxın izləyicisi Lando Norris isə 3 yarış qazanıb və 297 xal toplayıb.
Şərh əlavə et