Bu yarışa qədər olan uzun fasilə komandaların əksəriyyəti yeniliklər gətirib. Yeganə məşqlərdə Ferrari sürücüləri fərqlənsələr də, sprint sıralanma turu və yarışında Maks Ferstappen qarşısıalınmaz olub. Sıralanma turunda isə Lando Norris poulun sahibi olub.
Pirelli bura C2, C3 və C4 təkərlərini gətirib. Stroll, Kolapinto, Həmilton, Louson və Rassell sərt, qalan hamı isə orta təkərlərlə start alıb. Start düzlüyündə ilk cərgəni Norris və Ferstappen, ikinci cərgəni Sayns və Lekler, üçüncü cərgəni isə Piastri və Rassell tutub.
Startda Ferstappen Norrisi trasın sağına tərəf sıxıb, bundan istifadə edən Lekler həm ikilini, həm də komanda yoldaşını geridə qoyaraq liderliyə yüksəlib. Alonso 3 yer itirib, Həmilton isə 5 yer qazanıb. İkinci dövrədə ilk onluq: Lekler – Ferstappen – Sayns – Norris – Piastri – Qasli – Maqnussen – Tsunoda – Peres – Alonso.
Okonla Elbon təmas yaşayıb, lakin onlara hər hansı cəza verilməyib. 3-cü dövrədə Həmilton 19-cu döngədə trasdan çıxaraq çınqıllığa düşüb və yarış onun üçün başa çatıb. Təhlükəsizlik Maşını trasa daxil olub, Elbon pit-stop edib.
Restart 6-cı dövrədə elan edilib. Lekler yerini qoruyub. Stroll son yerə qədər geriləyib. Hülkenberq bir dövrə sonra Alonsonu keçib. Sayns sürətlənmə zamanı gücün çatmamasından və kokpitdə benzin qoxusu olmasından şikayətlənib. Lakin tezliklə hər şey düzəlib. Çjou yerində fırlansa da, yoluna davam edə bilib.
Louson Alonsonu keçib, Lekler Maks ilə fərqi artırıb. Rassell Bottası trasdan çıxardığı üçün 5 saniyə cəzası alıb. Çjou təkər dəyişib, Rassell Kolapintonu ötüb. Peres Tsunodanı, Rassell isə Alonsonu geridə qoyub. Bottas, Maqnussen, Qasli və Tsunoda yeni təkərlərə keçiblər.
Rassell Lousonu üstələyərək 8-ci yerə qalxıb. 22-ci dövrədə Sayns ilk üçlükdən pit-stopa dəvət edilən ilk sürücü olub. Kolapinto Alonsonu, Maqnussen isə Strollu qabaqlayıb. Ferstappen təkərlərini 26-cı dövrədə dəyişib və trasa Saynsın arxasında qayıdıb. Bir dövrə sonra Lekler pit yoluna üz tutub.
Şarl hələ təkərlərini dəyişməmiş Piastrini qabaqlayıb. Norris 32-ci, Piastri isə 33-cü dövrədə yeni təkərlərə keçib. Qasli trasdan çıxdığı üçün, Tsunoda isə Elbonu asfaltdan çıxartdığı üçün 5 saniyəlik cəza alıb. Peres Kolapintonu keçərək 7-ci olub.
Norris daha təzə təkərlərlə Ferstappenlə olan fərqi bağlayıb və 44-cü dövrədə DRS məsafəsinə düşüb. Landonun ardıcıl hücumları nəticə verməyib. Nəhayət, 52-ci dövrədəki hücum zamanı hər iki sürücü trasdan çıxıb, Norris kənardan gələrək üstünlük əldə edib və yerini qaytarmayıb. Stüardlar Landonu buna görə 5 saniyə cəzalandırıblar. Rassell 56-cı dövrədə Peresi keçib və 6-cı olub.
Şarl Lekler mövsümdə üçüncü, karyerasında isə 8-ci qələbəsini əldə edib. Karlos Sayns ikinci olaraq komandasına tarixindəki 87-ci qələbə dublunu gətirib. Maks Ferstappen üçüncü yeri tutaraq podiuma yüksəlib və Norrislə çempionatdakı xal fərqini sprint yarışından sonra əsas yarışda da artırıb. Louson mövsümdə ilk xallarını qazanıb.
Bu, ardıcıl üç yarışdan ilki idi və mübarizə gələn həftəsonu Mexikoda davam edəcək.
Şərh əlavə et