Kokpit.az xatırladır ki, ABŞ Qran Prisindən əvvəl qapalı park qaydaları ilə bağlı qızğın müzakirələr başlayıb. FİA ABŞ Qran Prisindən əvvəl Red Bull qapalı parkda bolidlərinin yüksəkliklərini dəyişdirdiyi ilə bağlı şikayətlər alıb və FİA buna təcili formada müdaxilə edib.
Red Bull komandası bu cihazın olduğunu təsdiqləyib: “Bəli, bu sistem var, amma maşın tamamilə sazlanıb, yarışa hazır olandan sonra bundan istifadə etmək mümkünsüzdür. FİA ilə apardığımız çoxsaylı yazışmalarda bu hissə gündəmə gəlib və gələcək üçün bu plan üzərində anlaşmışıq”.
Red Bull komandasının sürücüləri ABŞ Qran Prisinin paddokunda jurnalistlərin suallarına cavab veriblər. Sualları ilk olaraq Serxio Peres cavablandırıb: “Buna heç reaksiya vermıdik. Əslində bu mövzu barədə heç danışmadıq. Bu mümkünsüzdür. Məsələn, keçən il bir sprint yarışında sürüş yüksəkliyini çox qaldırmışdıq. Ferrari və Mercedes altlıqları çox yeyildiyi üçün yarışdan diskvalifikasiya edilmişdilər. Eyni şeyin bizim başımıza gəlməsindən qorxurduq.
Bu sistemin olduğunu bilirdim, amma bizim üçün istifadəsi elə də əlverişli deyildi”.
Serxio Peres sonda bildirib ki, bu cihaz bolidin performansına heç bir təsir göstərməyib.
Red Bull komandasının üçqat Dünya Çempionu sürücüsü Maks Ferstappen isə bildirib ki, cihaz barədə FİA ilə danışıqlar aparılarkən bunun başqa komanda üçün olduğunu zənn edib: “Hamı bunu görə bilər. Bizim üçün sadəcə detallar quraşdırılmadan əvvəl sazlanma etdiyimiz bir vasitə idi. Amma bolid tamamilə birləşəndən sonra buna toxunmaq olmaz. Yəni ki, bizim üçün heç nə dəyişmir.
Xəbəri oxuyanda düşünürdüm ki, digər komandalar da bunu edirlər. Sonra bunun bizim komanda ilə bağlı olduğunu öyrəndim. Brifinqdə bu barədə heç danışmadıq”.
Şərh əlavə et