Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Piastri kömək etməməlidir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Oskar Piastrinin yerində olsaydı, çempionluq uğrunda mübarizədə Lando Norrisə kömək etməzdi.

Kokpit.az bildirir ki, mövsümün sonuna 6 yarış qalmış Lando Norris çempionatın lideri Maks Ferstappenlə fərqi 52 xala qədər endirib.

McLaren komandası Azərbaycan yarışına qədər Lando Norrislə Oskar Piastrinin yarışmalarına icazə versə də, Azərbaycan yarışından əvvəl bildirmişdilər ki, artıq avstraliyalı sürücü Lando Norrisə kömək edəcək. Ancaq Maks Ferstappen düşünür ki, Oskar Piastri Landoya kömk etmək üçün çox yaxşıdır. Niderlandlı sürücü düşünür ki, Piastri köməkçi vəzifəsini qəbul etməməlidir.

Maks Ferstappen: “Oskar mənim üçün qətiliklə ikinci pilot deyil. Onun yerində olsam, bunu qəbul etməzdim. Əlbəttə, mənim üçün danışmaq asandır, çünki 10 ildir ki, Formula 1-dəyəm və bu Oskarın hələ ikinci mövsümüdür. Buna görə də onun üçün bir az çətindir. Ancaq o, sırf istəyə görə qələbələrdən və yerindən imtina etməməlidir, çünki çox yaxşı sürücüdür”.

McLaren komandası Montsada ikinci və üçüncü olan zaman Oskar Piastri ilə Lando Norrisin yerlərini dəyişdirtdirə bilərdi. Amma komanda həmişə deyirdi ki, onlar Norrisin xeyrinə komanda əmri verməyəcəklər.

Lando Norris bu barədə belə danışıb: “Əgər bir pilot məndən daha yaxşı performans göstərirsə, mən öz üzərimdə daha çox işləməliyəm. Kiminsə yerini əlindən almaq istəmərəm. Bundan başqa mənə bir çempionluğun verilməsini də istəmirəm. Düzdür, titul qazanmaq əla olardı, qısa müddət də olsa, özünüzü yaxşı hiss edərsiniz, amma uzun müddətdə qürur duymazsınız. Maksı və rəqiblərimi məğlub edərək, ən yaxşı olduğumu isbat etməli və elə qazanmalıyam”.

Maks Ferstappen McLaren komandasının son 18 aydakı inkişafına təriflər yağdırıb və Norris ilə Piastrinin yaxşı cüt olduqlarını deyib: “Onlar Red Bull-un rəqibləri arasında ən yaxşı sürücü cütüdürlər, çünki bir-birlərinə çox yaxındırlar və ikisi də sürətlidir.

McLaren komandası doğrudan da doğru insanları doğru vəzifələrə qoydu. Bunlar onsuz da komandada işləyən insanlar idi.

Rob Marşal (Red Bull-un sabiq konstruktoru) kimi adamları saymasaq, oradakı işçilərin çoxu ora yeni transfer olunmayıb. Sadəcə bəzi işçilərə yeni vəzifələr verildi. Bunun da necə tez təsir göstərdiyi göz qabağındadır”.

Rauf Hacıyev

Şərh əlavə et