Kokpit.az xatırladır ki, 2026-cı ildə Formula 1-in texniki reqlamenti dəyişəcək. Bolidlərin ölçüsü kiçiləcək, çəkisi yüngülləşəcək, aerodinamika bəsitləşəcək və asfaltayatma qüvvəsi azaldılaraq, sürtünmə üzərində yenidən işləniləcək.
Williams komandası bir ara maliyyə cəhətdən çətin dövrlər keçirsə də, 2020-ci ildə Dorilton Capital şirkəti komandanı aldıqdan sonra maliyyə vəziyyəti xeyli düzəlib. Britaniya təmsilçisi hazırda baza cəhətdən rəqiblərinə çatıb.
Belə olan halda komanda 2026-cı ildə yeni reqlamentlə yenidən yaxşı yerlər uğrunda mübarizə apara bilər. Bunun üçün isə britaniyalılar 2025-ci il mövsümünü fəda etməyə hazırdırlar.
Ceyms Vavls: “Aleks və Karlos bunu bilirlər. 2025-ci il çətin keçəcək. Bizi inkişafda görməyəcəksiniz. Hətta bir az geriyə doğru gedəcəyik. Lazım olduğu halda bu mənim üçün problem deyil, çünki sərmayəni 2026-cı ilə yatıracağıq. Yəni ki, 2025-ci ili fəda edəcəyik. Bu o demək deyil ki, 10-cu olacağıq. Amma bizi çətin mövsüm gözləyir”.
Williams komandası 2023-cü ildə AlphaTauri-ni az fərqlə keçərək, 7-ci yeri tutmuşdu. Lakin britaniyalılar bu mövsümün ilk yarısında sadəcə 4 xal toplaya bilmişdilər. Ancaq İtaliya və Azərbaycan yarışlarında qazandıqları xallarla yenidən 7-ci yer uğrunda mübarizə üçün ümidləniblər.
Ceyms Vavls bildirib ki, son yarışlarda güclənmə səbəbləri FW46-nın çəkisinin azalmasıdır: “Məncə, keçən il yeddinci olduğumuz üçün şanslı idik. AlphaTauri komandaı mövsümün sonunda sürətli olsa da, biz düzgün strategiya seçərək, yeddinci olduq. Bu il də maşın artıq performans göstərməyə başlayıb”.
Şərh əlavə et