Kokpit.az xatırladır ki, Haas və Toyota Gazoo Racing rəsmi olaraq texniki tərəfdaşlığa başlayıblar.
Haas komandası Formula 1-ə 2016-cı ildə qatılsa da məhdud resurslarla mübarizə aparıb. İndi isə amerikanlar Toyota-nın mütəxəssislərindən və texniki savadından faydalanıb güclənməyi hədəfləyir.
Haas hazırda Ferrari ilə olan ortaqlığı davam etdirsə də, Toyota-nın verdiyi baza və texniki dəstək hesabına daha da güclənməyi planlaşdırır. Bu yeni ortaqlıq hesabına Haas komandasının çatışmazlıqları da aradan qaldırılacaq. Bunlardan biri də simulyatordur.
Amerika komandası indiyə kimi Ferrari-nin Maranellodakı simulyatorundan istifadə edirdi, ancaq Toyota ilə qurulan texniki tərəfdaşlıq hesabına öz simulyatorları olacaq və Ferrari-dən asılı qalmayacaqlar.
Haas komandasının rəhbəri Ayau Komatsu bu barədə belə danışıb: “Sözün açığı bu tərəfdaşlıq bizim üçün böyük fürsətdir və komandamız üçün məntiqli addım oldu. Büdcə limitini aşmamaq üçün maliyyə və vaxt cəhətdən daha intensiv işləmək lazımdır. Hazırkı iş modelimizlə bunu edə bilmirik. Bu da rəqabətədavamlı olmağımızı əngəlləyir.
Cin Haas Formula 1 komandası üçün çox qərarlıdır. Məndən həmişə soruşur ki, daha yaxşı olmaq üçün və davamlı beşliyə, altılığa, bəzən də podiuma düşmək üçün nələr etməliyik? Buna görə də Cini bu işə razı salmaq çətin olmadı.
Hamı Haas komandasını Formula 1-in rəsmi olmayan peyk komandası kimi görürdü. Amma məhdud resurslarla uğur qazanmaq çox çətindir. Toyota ilə olan bu müqavilə komandamızın bərabər şəraitdə mübarizə aparmasına imkan yaradacaq”.
Şərh əlavə et