Xəbəri Kokpitdə Oxuyun!

Ferrari yenilikləri mərhələli gətirəcək

Ferrari komandası ABŞ Qran Prisinə gətirməyi planlaşdırdığə yenilik paketini iki mərhələdə tətbiq edəcək. 

Kokpit.az xatırladır ki, artıq mövsümün son 6 yarışına – son rübünə giririk. Buna görə də əksər komandalar ABŞ Qran Prisinə yeniliklərlə gələcəklər. 

Ferrari komandası Sinqapur və Bakı yarışlarından gözlənəndən az xal toplasalar da, yeni texniki direktor Loik Serra və Jerom D’Ambrozionun gəlişi ilə komanda güclənib. Ancaq Ferrari-nin SF-24 üçün planlaşdırdığı son böyük yeniliklərin hamısı COTA trasına gətirilməyəcək.

Komanda bu yenilikləri iki mərhələdə tətbiq etməyə qərar verib. Bunun əsas səbəblərindən biri detalların razılqı prosesində gecikmələrin olmasıdır. Həm də italyanlar sprint həftəsonunda çox yenilik sınamaq istəmirlər.

Bununla belə, dəqiq olan odur ki, yeni ön qanad Ostinə gətiriləcək  və altlıq ilə bağlı bəzi yeniliklər Meksikaya aparılacaq.

Ferrari-nin bu yanaşması rəqiblərinin addımlarına qarşı daha ehtiyatlı strategiya kimi şərh edilir. Məlumdur ki, Mercedes bu həftəsonu vacib yeniliklər gətirəcək, lakin komandanın əsas diqqətinin 2026-cı il reqlamentinə yönləndirəcəyi  hamıya məlumdur.

Digər tərəfdən, McLaren mövsümün ikinci yarısında təsirli yüksəliş göstərərək rəqiblərini geridə qoymağa davam edir. MCL38-in çox yönlü xarakteriskası ona bu mövsüm hər trekdə güclü performans göstərməyə imkan verib.

Ferrari-nin hədəfi  mövsümdə güclü çıxışını davam etdirərək, Red Bull-un arxasından getmək və mövsümü Mehəndislər Kubokunda ən azından ikinci yerdə bitirməkdir, çünki McLaren hazırda çox güclüdür və çempionluq hədəfinə çatmaq heç də asan olmayacaq.

Rauf Hacıyev

Şərh əlavə et