Sauber Motorsport AG-nin baş əməliyyat və texniki direktoru Mattia Binotto bildirib ki, komanda 2030-cu ildən tez olmayaraq, lider qrupda mübarizə apara biləcək.
Mattia Binotto: “Biz səyahətin başlanğıcındayıq. Everest qarşımızdadır, biz isə onun təməlindəyik. Şirkət bu dağa dırmaşmaq qərarına gəldi, lakin zirvəyə doğru yolu düzgün seçmək vacibdir. Rəqiblərimizlə müqayisə etsək, indi işçi qüvvəmiz təxminən 400 nəfər azdır. Komanda eyni səviyyədə rəqiblərlə rəqabət apara bilmək üçün heyətini genişləndirməlidir. Ancaq iki gündə bu qədər işçi tapa bilməzsiniz, xüsusən də Formula 1-də. Ona görə də biz gənclərə sərmayə qoymağa qərar verdik.
Digər komandaların zirvəyə çatması illər çəkdi. Jan Todt 1993-cü ildə Maranelloya gəldi və Ferrari 1999-cu ildə onunla ilk Konstruktorlar Çempionatını qazandı. Mercedes-in də eyni qrafiki var idi. Uğur qazanmaq üçün beş-yeddi il lazımdır. 2030-cu ildə liderlər arasında olmağı gözləyirik”.
Mattia Binotto Sauberin 2025-ci il üçün heyəti ilə bağlı suala cavabında bildirib ki, komanda hələ də Mik Şumaxeri nəzərdən keçirir: “Digər komandalar artıq öz seçimini etdiyinə görə buna rahat vaxt ayıra bilərik. Bizim iki əsas seçimimiz var: bir tərəfdən bizi inkişaf yolunda aparacaq təcrübəli sürücü, digər tərəfdən zirvəyə gedən yolda bizi müşayiət edə biləcək gənc və istedadlı sürücü.
Biz mütləq şəkildə Miki nəzərdən keçiririk. Onunla görüşüb danışdım. Onu Ferrari Sürücülük Akademiyasının üzvü olandan tanıyıram, gücünü və üstünlüklərini bilirəm. O, nəzərdən keçirdiyimiz namizədlərdən biridir”.
Şərh əlavə et