Xəbəri Kokpitdə Oxuyun!

P.Akosta: Axmaq səhv etdim

Tech 3 GasGas komandasının sürücüsü Pedro Akosta bildirib ki, Motegi-də sprint yarışında qələbəni əldən verdiyi səhv çox axmaqca olub. Lakin o əlavə edib ki, bundan dərs çıxaracaq. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü şənbə günü səhər poul qazanaraq, karyerasında ilk dəfə MotoGP yarışına birinci yerdən başlamaq şansı əldə etmişdi. O, sprint yarışının startında liderliyi itirsə də, daha sonra gözəl hücumla Françesko Banyayanı keçmiş və inamla yarışı liderlik etmişdi. Ancaq yarışın bitməsinə 3 dövrə qalmış 7-ci döngədə motosikletin ön tərəfini itirmiş və mübarizəni dayandırmışdı. 

Pedro Akosta: “Mənim üçün axmaq bir səhv idi. Bu məyusedici olsa da, yaxşı tərəfləri də var. Mənfi tərəflərlə yanaşı müsbət tərəfləri də görməlisiniz. Mən bəhanə yox, həll yolu axtarıram. Yarışda qəza etsək də, rəqabətədavamlı idik. Sürətli olmağım müsbət haldır.

Fərqli bir şey etməyə çalışmırdım. Sadəcə özümü rahat hiss etdiyim anlarda limitlərdə sürməyə çalışırdım. Yəni ki, birinci, ikinci və dördüncü döngələrdə. Ancaq qəzadan əvvəl belə beşinci döngədə sürüşürdüm. Orada vaxt itirsəm də, tam olaraq idarəetməni buraxmırdım”.

Düzdür, bu qəza Pedro Akostanın karyerasındakı ilk qəza deyil, amma bu qəzadan əvvəl 20 yaşlı sürücü qələbəyə həmişəkindən  çox yaxın idi: “Daha əvvəl qazana biləcəyimi demişdim.

Amma sonra Le Man və Barselonada olduğu kimi qəza etdim. Amma indiyə kimi heç vaxt lider gedərkən yıxılmamışdım. Pouldan başlayanda həmişə qəza edirəm”.

Qeyd edək ki, Pedro Akosta dünən poul qazanaraq MotoGP tarixində bunu edən ən gənc üçüncü sürücü olub.

Rauf Hacıyev

Şərh əlavə et