Sıralanma turunun birinci sessiyası maraqlı mübarizə şəraitində keçib. Ancaq burada Pramac komandasından Franko Morbidelli və Yamaha-dan Fabio Kuartararo ikinci və həlledici sessiyaya keçə biliblər. KTM komandası həftəsonu ərzində güclü olsa da, Cek Miller bundan istifadə edə bilməyib və sıralanma turunda 14-cü yerdə qalıb.
Sıralanma turunun ikinci sessiyasında daha maraqlı mübarizə olub.
Sıralanma turunun əvvəlində Xorxe Martin rəqibi Aleks Markesi izləyərkən rəqibinə təmas edib. Xoşbəxtlikdən hər iki sürücü də yıxılmayıblar.
Sessiyanın bitməsinə 7 dəqiqə qalmış Tech 3 KTM komandasının sürücüsü Pedro Akosta 1.43.758 zaman nəticəsi ilə müvəqqəti olaraq liderliyi ələ keçirib.
Lakin gənc ispaniyalının nəticəsini əvvəlcə son iki ilin Dünya Çempionu Françesko Banyaya 1.43.264, bir qədər sonra isə səkkizqat Dünya Çempionu Mark Markes 1.42.868 zaman nəticəsi ilə yaxşılaşdırıblar. Mark Markes bununla da 103 saniyənin altına düşən ilk sürücü olub. Maverin Vinyales isə 1.43.441 zaman nəticəsi ilə üçüncü yerə yüksəlib.
Sessiyanın sonuna 2 dəqiqə qalmış çempionatın lideri Xorxe Martin qəza edərək mübarizəni dayandırıb. İspaniyalı pilot bu qəzaya görə həm sprint, həm də əsas yarışa 11-ci yerdən başlayacaq.
Sessiyanın bitməsinə 1 dəqiqə qalmış isə Pedro Akosta 1.43.018 zaman nəticəsi ilə ikinci yerə yüksəlib. Ancaq Mark Markes trası kəsdiyi üçün onun 1.42.868-lik zaman nəticəsi silinib və əfsanəvi sürücü 9-cu yerə geriləyib. Bu isə debütant Pedro Akostanın poul qazanmasına şərait yaradıb. Bu, 20 yaşlı sürücünün MotoGP karyerasındakı ilk poulu olub.
İkinci yeri çempionlu uğrunda mübarizə aparan Françesko Banyaya, üçüncü yeri Maverik Vinyales tutublar. Beşliyi Enea Bastyanini və Bred Binder bağlyıblar.
Franko Morbidelli 6-cı, VR46 sürücüləri – Fabio Di Canantonio 7-ci, Marko Bezzekki 8-ci yerlərdə qərarlaşıblar. İlk onluğu isə Mark Markes və Aleks Markes qardaşları tamamlayıblar. Çempionatın lideri Xorxe Martin 11-ci, 2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo isə 12-ci yeri tutublar.
Şərh əlavə et