Xəbəri Kokpitdə Oxuyun!

Marko Rikkardonu iyunda göndərmək istəyib

Red Bull şirkətinin rəhbəri Kristian Horner bildirib ki, şirkətin idman məsləhətçisi Helmut Marko  Daniel Rikkardonu iyun ayında RB-dən göndərmək istəyib, lakin bu qərar təxirə salınıb. 

Kokpit.az xatırladır ki, RB komandası Sinqapur yarışından sonra Daniel Rikkardo ilə yolları ayırıb və onun əvəzinə gənc Liam Louson gətirilib. 

Red Bull komandasının rəhbəri Kristian Horner isə bu dəyişikliyin xırdalıqları barədə danışıb. O, bildirib ki, şirkətin idman məsləhətçisi Helmut Marko iyun ayında keçirilən İspaniya Qran Prisindən sonra Rikkardonu komandadan göndərmək istəyib, amma özü araya girərək, bu qərarı təxirə salıb.

Kristian Horner: “İspaniya Qran Prisi zamanı Helmut istəyirdi ki, Rikkardo komandadan ayrılsın və oradan etibarən üzərində çox böyük təzyiq var idi. Danielə mümkün qədər çox vaxt vermək üçün əlimdən gələni etdim. Əks halda Barselona yarışından sonra Formula 1-də olmayacaqdı”.

Qeyd edək ki, RB komandası bu mövsüm 34 xal toplayıb. Onlardan 22-i Yuki Tsunodanın, 12-i isə Daniel Rikkardonun payına düşür.

Rauf Hacıyev

Şərh əlavə et