Daniel Rikkardodan başlayaq. Avstraliyalı sürücü Formula 1 karyerası ərzində 8 yarış qazansa da və Dünya Çempionluğu olmasa da, bu idmanın ən prestijli pilotlarından biri sayılırdı. Amma son illərdə onun karyerasında geriləmə başlandı. Xüsusən də, pandemiyadan sonra. Biz Daniel Rikkardoda əvvəlki aqressivliyi görmürdük.
2021-ci ildə Lando Norrisə aşkar formada uduzduqdan sonra hamı bunu onun McLaren bolidlərinə uyğunlaşmamasında bağlamışdı. Lakin 2022-ci ildə də eyni hal təkrarlandı, hətta daha rüsvay halı. Belə ki, 2021-ci ildə Lando 160, Daniel 115, 2022-ci ildə isə Lando 122, Daniel isə 37 xal toplamışdı.
Bundan sonra “narıncılar” avstraliyalı sürücünü göndərib yerinə Oskar Piastrini gətirdilər. Daniel isə 2023-cü ilə Red Bull komandasının ehtiyat sürücüsü kimi başlas da, Macarıstan yarışından etibarən AlphaTauri komandasında Nik de Frizi əvəzləməyə başladı. Lakin Dani son bu birillik periyodda gözləntiləri qarşılamadı və komanda yoldaşı Yuki Tsunodadan əksər yarışlarda geridə qaldı. Bəs Red Bull şirkəti mövsümün sonuna qədər Rikkardoya şans verə bilməzdi? Mövsümün sonunda onu göndərib Lousonu gətirə bilməzdi? Bəs Danieli mövsüm sona çatmamış göndərmə səbəbi nə idi?
Bunun ən böyük səbəblərindən biri Liam Lousonun müqaviləsindəki maddə idi. Belə ki, yeni zellandiyalı sürücünün yarış karyerasında sentyabr ayının sonuna qədər aydınlıq gəlməsəydi, müqaviləsindəki maddəyə görə anlaşmaya xitam verib başqa komandaya gedə bilərdi. Vəziyyət belə olanda isə Red Bull uzun illərdir akademiyasında pul xərcləyib bu günlərə gətirdiyi Lousonu itirmək istəmədi.
Bundan başqa Red Bull növbəti il üçün Serxio Peresin yerinə namizədləri də dəyərləndirə bilər. Belə ki, Çeko son 13 yarışda podium üzünə həsrətdir və komanda yoldaşı Maks Ferstappendən 187 xal geridə qalır. Belə olan halda isə “qırmızı öküzlər” mövsümün son 6 yarışında Yuki Tsunoda ilə Liam Lousonun trasdakı məlumatlarını təhlil edib, hansının Red Bull üçün daha faydalı ola biləcəyinə qərar verəcəklər.
Bütün bunlardan başqa meksikalı sürücünün ilin sonunda təqaüdə çıxacağı ilə bağlı dedi-qodular da var. Əgər bu reallaşsa və Louson-Tsunoda cütündən biri RB komandasından Red Bull-a yüksəlsə, hazırda Formula 2-də yarışan və çempionluq uğrunda mübarizə aparan Ayzek Həcərin də Formula 1-ə yolu açılacaq. Fransalı gənc sürücü növbəti mövsüm RB komandası ilə F1-də debüt edə bilər.
Beləliklə, Formula 1-də bir dövr başa çatdı. Artıq idmanımızda Daniel Rikkardo olmayacaq. Özünəxas tərzi, gülrüşü və gec əylənərək hücumları ilə özünü azarkeşlərə sevdirmişdi. Heyif ki, bu idmanda istədiyi nəticələri qazanmadı. Amma onu deyə bilərəm ki, Formula 1-dən bir Daniel Rikkardo gəldi keçdi
Şərh əlavə et