Xəbəri Kokpitdə Oxuyun!

İndoneziyada sprint yarışını Banyaya qazanıb

MotoGP üzrə İndoneziya Qran Prisinin sprint yarışının qalibi Ducati komandasından Françesko Banyaya olub. Enea Bastyanini ikinci, Mark Markes üçüncü olub.

Yarışa çempionatın lideri Xorxe Martin pouldan başlayıb. İkinci yerdə Marko Bezzekki, üçüncü yerdən Pedro Akosta, dördüncü yerdən Françesko Banyaya, beşinci yerdən Enea Bastyanini başlayacaq. Onları Fabio Kuartararo, Yohan Zarko, Fabio di Canantonio, Franko Morbidelli və Maverik Vinyales onluğu tamamlayan sürücülərdir.

Start – Pekko Banyaya yaxşı startla 4-cü yerdən 2-ci yerə yüksəlib. Mark Markes də əla start alaraq, ilk döngəni beşinci yerdə dönüb. Startın itirəni isə Yohan Zarko olub. Fransalı sürücü 7-ci yerdən 11-ci yerə geriləyib.

Bu anda yarışın lideri Xorxe Martib ilk döngənin sonunda yıxılaraq birinci yerdən 21-ci yerə geriləyib. O, motosikletini yerdən qaldırıb, yoluna davam edə bilib.

Yarışın ikinci dövrəsində isə Raul Fernandes yıxılıb, amma o da yerlisi Xorxe Martin kimi yoluna davam edib. Üçüncü dövrədə başqa bir ispaniyalı sürücü – Xoan Mir yıxılıb və mübarizəni dayandırıb.

Bu anda Marko Bezzekki ikinci yer uğrunda mübarizədə Pedro Akostaya hücum edib və rəqibini keçib. Bu anda Mark Markes də yerlisinə hücum edərək, üçüncü yerə yüksəlib.

Yarışın yeddinci dövrəsində Marko Bezzekki birinci yer uğrunda mübarizədə Françesko Banyayaya hücum edərkən səhv edib və tras xaricinə çıxıb. O trasa qayıdışda iki yer itirib və dördüncü yerə geriləyib.

Yarışın 10-cu dövrəsində sıralanma belə olub: Banyaya, Markes, Bastyanini, Bezzekki, Akosta, Vinyales, Morbidelli, Zarko, Canantonio, Miller.

Yarışın sonuna iki dövrə qalmış Enea Bastyanini  əfsanəvi Mark Markesi keçərək, ikinciliyə yüksəlib və sprint yarışında Ducati-yə qələbə dublu gətirib.

Beləliklə, İndoneziya Qran Prisinin sprint yarışında qazanan Françesko Banyaya olub. Enea Bastyanini ikinci, Mark Markes üçüncü olub. Beşliyi Marko Bezzekki və Franko Morbidelli bağlayıblar.

Yarışın startında yıxılan Xorxe Martin isə yarış ərzində 21-ci yerdən 10-cu yerə yüksəlsə də, xal qazana bilməyib.

Sprint yarışından əvvəl Xorxe Martin rəqibi Françesko Banyayanı 24 xal qabaqlayaraq lider olsa da, yarışdan sonra fərq 12-yə düşüb.

Rauf Hacıyev

Şərh əlavə et