Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör strategiyalarını müdafiə edib

Ferrari komandasının rəhbəri Frederik Vassyör Sinqapur yarışındakı strategiyalarına təriflər yağdırıb.

Kokpit.az xatırladır ki, Ferrari komandasının sürücüləri Şarl Lekler və Karlos Sayns Marina Bay trasındakı yarışa 9 və 10-cu yerlərdən başlayıblar. Hər iki sürücü də yarışa Medium təkərlə başlasalar da, italyanlar Karlos Saynsı erkən pit-stop hesabına önə keçirə bilmək üçün onu 13-cü dövrədə pitə çağırıblar. Şarl Lekler isə 36-cı dövrədə pitə gəlib.

Lekler buna görə də yeni təkərləri ilə bir neçə hücum edərək, yarışı 5-ci yerdə bitirib. Sayns isə finişə 7-ci yerdə çata bilib.

Frederik Vassyör: “Soft təkərlə başlayıb bir yer qazanmaq mümkün idi. Amma aqressiv strategiya seçsəniz, Lyuisin etdiyi kimi 12 ya da 15-ci dövrədə pitə gəlməli idiniz. Başqa seçiminiz yoxdur. Pitə getməlisiniz”.

Ferrari bu il Mühəndislər Kubokunu qazanmaq üçün mübarizə aparır. Onlar hazırda lider McLaren komandasından 75 xal geri qalırlar. Sinqapurda çətin keçən sıralanma turundan sonra Vassyör sürücülərinin xal almasına görə onlardan razı qalıb.

Frederik Vassyör: “Yarışa Medium təkərlə başladığımız üçün pitə gec getdik. Yarışın ssenarisi də çox fərqli idi. Məncə, bu yaxşı strategiya idi. Maşınlardan birinin tez, o birinin gec pitə gəlməsi qərarımız da düzgün idi. Hər şey bizin üçün bu mərhələdə yaxşı getdi”.

Rauf Hacıyev

Şərh əlavə et