Kokpit.az xatırladır ki, dünən açıqlama yayan Visa Cash App RB F1 komandası Daniel Rikkardonun 2024-cü ilin qalan yarışlarda yarışmayacağını rəsmi olaraq açıqlayıb. Avstraliyalı sürücü 2011-ci ildə başladığı Formula 1 karyerasını bitirib və idmana, azarkeşlərinə təşəkkür edib. O bildirib ki, yeni macəralara yelkən açıb.
Daniel Rikkardo sosial şəbəkə üzərindən paylaşım edib və bunları deyib: “Bu idmanı həyatım ərzində çox sevdim. Vəhşi və gözəl dövrlər idi. Bu müddət ərzində çıxış etdiyim komandalara və birlikdə işlədiyim insanlara təşəkkür edirəm. İdmanı bəzən məndən daha çox sevən azarkeşlərə də çox təşəkkür edirəm.
Həmişə enişlər və yoxuşlar olacaq, amma yenə də çox əyləncəli idi. Ən sonda düzünü desəm, heç bir şeyi dəyişdirmək istəməzdim”.
Qeyd edək ki, avstraliyalı sürücü Formula 1 karyerasına 2011-ci ildə HRT komandasında başlamış, 2012-ci ildə Toro Rosso komandasına keçmişdi. O, 2014-cü ildə Red Bull-a transfer olunmuş və burada ilk mövsümündə 3 yarış qazandıqdan sonra ulduzu parlamışdı. O, 2018-ci ilin sonuna qədər “qırmızı öküzlər”in şərəfini qorumuş və burada 7 qələbə qazanmışdı. Dani 2019-2020-ci illərdə Renault komandasına keçmiş və 2020-ci ildə 2 dəfə podium qazanaraq, fransız istehsalçıya 2011-ci ildən sonra ilk podiumu gətirmişdi. 2021-ci ildə isə McLaren komandasına transfer olunmuş və həmin il İtaliya yarışını qazanaraq, “narıncılar”ın 9 illik qələbə həsrətinə son vermişdi.
Daniel Rikkardo keçən il Macarıstan yarışı ilə AlphaTauri komandasında Formula 1-ə qayıtmış, amma burada gözləntiləri qarşılaya bilməmişdi. O, bu il komanda yoldaşı Yuki Tsunodadan zəif performans göstərib və hazırda yaponiyalı sürücüdən 10 xal az toplayıb.
Şərh əlavə et