Xəbəri Kokpitdə Oxuyun!

Peres karyerasını bitirir?

Hər şeydən tez məlumat ala bilən təcrübəli jurnalis Co Savard bu dəfə də Marina Beydəki paddokda yayılan şayiələrdən bəhs edib.

Kokpit.az bildirir ki, təsdiq olunmamış məlumata görə, Serxio Peres Mexikodakı ev yarışında karyerasını bitirəcəyini elan edəcək.

Co Savard yazır: “Sinqapurda müzakirə olunan maraqlı söz-söhbətlərdən biri Peres və Red Bullun Serxio üçün Mexikoda təqaüdə çıxacağını elan etmək üçün plan hazırlaması idi. Bu addımın məhz orada atılması məsələnin duyğular tərəfini gücləndirəcək, Amerika qitəsində bütün marağı Formula 1-ə çəkəcək, eyni zamanda, Peres komandadan göndərilmiş olmayacaq, özü ayrılıq qərarını vermiş olacaq.

Red Bull tərəfdən bu həm də 2025-ci il üçün yeni sürücü tapmaq üçün bir fürsətdir. Bahalı gənclər proqramına baxmayaraq, Maks Ferstappenlə komanda yoldaşı ola biləcək heç kim yoxdur. Ola bilsin ki, Lyam Louson Franko Kolapinto kimi parlayarsa, həmin yerə namizəd ola bilər, lakin Red Bull artıq gələcək üçün zəmin hazırlamağa başlayıb.

Ötən gün Kristian Horner müqaviləsi gələn ilin sonunda başa çatacaq Corc Rassell haqqında danışıb. Paddokda Maksın Mercedes-ə keçəcəyinə inananlar da var. Amma düşünürəm ki, Maksın tələb etdiyi maaş onu düşündüyündən daha az cəlbedici bir aktivə çevirəcək.

Söhbət pula gəlmişkən, Aston Martin artıq heç bir şeyin onları dayandırmayacağını sübut etdi, buna görə də Maks onların növbəti hədəfi olacaq, baxmayaraq ki, başqa komandada Red Bull-dan daha sürətli maşın alacağına əmin olmasa, heç yerə getməyəcək.

Red Bulldakı insanlardan soruşsanız, onlar da bizim hamımız kimi Oskar Piastridən təsirlənir və onu Uokinqdən uzaqlaşdırmaq üçün bir fürsət görürlər. Oskarın meneceri Mark Uebber Red Bull ilə möhkəm münasibətlərini qoruyub saxlayır və hamımız McLaren-in hər iki ulduz sürücüsünün növbəti illərdə komandada xoşbəxt qalmasını necə təmin edəcəyi ilə maraqlanırıq”.

Elçin Zodorov

Şərh əlavə et