Kokpit.az xatırladır ki, Mercedes Sinqapur Qran Prisinə sürətli başlanğıc edə bilməmiş, amma sıralanma turunda 3 və 4-cü yerləri tuta bilmişdilər. Onlar yarışda da pis performans göstərməyiblər. Lyuis Həmilton səhv strategiya ilə 6-cı olub. Corc Rassell isə yarışı başladığı kimi 4-cü yerdə bitirib.
Corc Rassell: “Şənbə günündən sonra inanılmaz geridönüş oldu. Heç şübhə yoxdur ki, son 3 ilin ən pis cümə günü idi.
Üçüncü sərbəst yürüşlərdən sonra Landodan geri qalaraq ikinci oldum və maşın tamamilə fərqli idi. Buna görə də gördükləri işə görə komandama təşəkkür edirəm”.
Corc Rassell Mercedes komandasının işçilərinin əziyyətini yüksək dəyərləndirib və onların çəkdiyi zəhmətə təriflər yağdırıb: “Onlar gözəl işlər görürlər. Sadəcə simulyatorda işləmirlər. Gecə ərzində bütün məlumatları bir-bir təhlil edirlər. Mühəndislər belə burada bütün gecə işləyirlər. Yəni burada çox gözəl geridönüş etdik.
Bolidin sazlanması cəhətdən səhv yönə getmişdik. Cümə günü bəzi şeylər sınayırdıq. Bəlkə də bunu etmək üçün doğru trasda deyildik. Amma bunu tərsinə çevirə bildik”.
Corc Rassell cümə günü divara çırpıldıqdan sonra şənbə günü üçüncü sərbəst yürüşlərdə yerində fırlanmışdı. Britaniyalı pilot bildirib ki, belə hallar limitləri tapmaq istəyərkən labüddür: “Özümə güvənirdim. Buna görə də bolidin potensialını yoxlayırdım. Sessiyadan əvvəl daha yaxşı nəticəyə ümid edirdim, amma birinci və ikinci sessiyadan sonra sıralanma turunda dördüncülük yaxşı nəticə idi”.
Ferrari komandası Sinqapurda pis sıralanma turu keçirdi və Mercedes bundan istifadə etdi. Şarl Lekler təkərləri qızdıra bilmədiyi üçün yarışa 9-cu, Karlos Sayns isə qəza etdiyi üçün yarışa 10-cu yerdən başlamışdılar.
Şərh əlavə et