Xəbəri Kokpitdə Oxuyun!

İphone 17 seriyasının ekranı üzə çıxıb?

İphone 16 seriyasının siftəsini etməmiş artıq İphone 17 ailəsinin ekranları ilə bağlı məlumatlar paylaşılıb. Belə görünür ki, Apple gələn il ekranın keyfiyyətinə ciddi formada köklənəcək.

Ağıllı telefon dünyasının etibarlı mənbələrindən olan Ross Young gələn il təqdim olunması gözlənilən İPhone 17 seriyası barədə maraqlı açıqlama verib. Ross Young tərəfindən verilən açıqlamaya əsasən Apple gələn il ekran keyfiyyətinə köklənəcək.

İPhone ekranlarının ən böyük problemlərindən biri 60 Hz tezliklə gəlməsidir. Ross Young-un məlumatına görə bu hal gələn ildən tarixə qovuşacaq. Şirkət İPhone 17 seriyasının bütün modellərində 120 Hz tezlikli LTPO OLED ekranlardan istifadə edəcək. Bundan başqa telefonlar 1 Hz-ə qədər dəyişkən tezlikli ola biləcək.

Bir neçə il əvvəl istifadəyə verilən Dinamik Ada da bəzi modellərdə dəyişə bilər.

Ross Young-un əvvəl X sosial şəbəkəsində paylaşıb sonra sildiyi şəklə əsasən Dinamik Ada İPhone 17 Pro və İPhone 17 Pro Max modellərində dəyişəcək. Belə olan halda bizi ekranın altına basdırılmış Face İD qarşılayacaq. Dinamik Ada bu modellərdə sadəcə selfie çəkmək üçün olacaq və ölçüsü kiçiləcək.

Əlbəttə, hazırda İPhone 17 ailəsi barədə danışmaq üçün çox tezdir, çünki İPhone 16 ailəsi hələ dünən satışa çıxarılıb. Şirkət bir il ərzində fikrini dəyişə bilər. Buna görə də bu məlumatlar hələki dedi-qodudur.

Rauf Hacıyev

Şərh əlavə et