Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: 200 dəfə yarışsaq, 199-da 7-ci ola bilmərəm

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, onun sıralanma turundakı sürəti Aston Martin-in güman etdiyindən çox olub.  

Kokpit.az xatırladır ki, komanda tərəfindən aparılan analizlərdə Aston Martin-in sıralanma turunun birinci sessiyasında uduzacağı göstərilirdi. Belə də oldu və Ləns Stroll sıralanma turunun birinci sessiyasında 17-ci yeri tutaraq ilk ələnənlərdən biri oldu. 

Komandanın ikiqat Dünya Çempionu Fernando Alonso da ikinci sessiyada ələnməyə çox yaxın idi, ancaq son anda Aleks Elbonu keçərək üçüncü sessiyaya qaldı və yekunda yeddinci yeri tutdu.

Sıralanma turundan sonra müsahibə verən Fernando Alonso bildirib ki, yeddinci yer AMMR24-ün potensialından artıq nəticədir: “Bu sıralanma turunu 200 dəfə təkrarlasaq, əminəm ki, 199-unda yeddinci yeri tuta bilmərik. Buna görə də bu nəticə ilə razılaşıb, yarışda nələr edə biləcəyimizə baxacağıq”.

İspaniyalı pilot əlavə edib ki, sıralanma turundan əvvəl bolid yaxşı görünçəyib, çünki bolidin performansı trasın quruluşuna uyğun gəlməyib: “Bolidin bəzi zəif yönləri Sinqapur trasında artır və hazırda işlər heç də qaydasında görünmür. Sıralanma turunda hər şeyi bir araya gətirməyə çalışdıq. Əlbəttə, bəzi itkilar var idi, amma gözləniləndən bir az sürətli olduq. Ancaq siz də bilirsiniz ki, xallar şənbə günü verilmir. Buna görə də bazar günü işi tamamlamalıyıq”.

Fernando Alonso bildirib ki, komanda bolidin potensialını açmaq üçün çox iş görüb: “Temp çatışmazlığını həll etmək üçün əlimizdən gələni edirik. Bakı ilə bura arasında komanda çox iş gördü. Dünən komputerləri gecə saat 2-də söndürmüşük.

Suallarımıza cavab tapmaq üçün həmişəkindən daha çox işləyirik və hər şeyi ortaya qoyuruq, ancaq bu trasda möcüzə yarada bilmərik və bazanın köməyinə ehtiyacımız var. Sıralanma turundakı tempimizdən razıyıq, amma Williams-ın maşınlarında da çox böyük potensial olduğu dəqiqdir və sabah bizim üçün böyük təhdid olacaqlar”.

Rauf Hacıyev

Şərh əlavə et