Kokpit.az bildirir ki, Sinqapurda ikinci sərbəst yürüşlər hava qaralandan sonra işıqların altında başlayıb.
Sürücülər birinci sərbəst yürüşlərdə olduğu kimi Medium və Hard təkərləri seçiblər. Sessiyanın əvvəlində Serxio Peres pit çıxışında ağ xətti tapdalayıb və buna görə ona ağ-qara xəbərdarlıq bayrağı sallanıb.
Daha sonra Şarl Lekler Medium təkərlə 1.32.788 zaman nəticəsi göstərib və müvəqqəti olaraq liderliyi ələ keçirib. Sessiyanın 10 dəqiqəsi geridə qaldıqdan sonra Karlos Sayns Medium təkərlərlə 1.32.644 zaman nəticəsi ilə zirvəyə yüksəlib. Ancaq qısa müddətdən sonra komanda yoldaşı Şarl Lekler ispaniyalı sürücünü 0.017 saniyə qabaqlayaraq yenidən birinciliyə oturub.
Lyuis Həmilton isə bolidin öndən sürüşməsindən şikayət edirdi. Bu anda Aleks Elbon Soft təkərlərlə 1.31.650 zaman nəticəsi göstərib və liderliyi ələ keçirən növbəti sürücü olub.
Sessiyanın ortasına doğru əksər sürücülər Soft təkərlərə keçiblər. Norris 1.30.727 zaman nəticəsi ilə liderliyi alıb. Şarl Lekler ondan 0.087 saniyə geridə qalıb. Ancaq monakolu sürücü radiodan bildirib ki, 14-cü döngənin çıxışında divara təmas edib və Ferrari-dən bolidin yoxlanılmasını istəyib.
Şərh əlavə et