Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Sinqapurda hədəf qələbədir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Sinqapur yarışında əsas hədfələri qələbə olacaq. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü Azərbaycan yarışında gözəl performans göstərmiş və podium qazanmağa çox yaxın olmuşdu. Lakin yarışın bitməsinə iki dövrə qalmış Karlos Saynsla insident yaşadığı üçün evə əliboş qayıtmışdı.

Serxio Peres bu həftəsonu Sinqapurda səhv etməyəcəklərini və qələbə üçün mübarizə aparacaqlarını deyib: “Bakıda bütün komanda üçün bəxtsizlik oldu. Bolidi rəqabətədavamlı etmək üçün çox işləmişdik və bu doğrudan da hiss olunurdu. Bütün həftəsonu ərzində tempimiz yaxşı idi. İndi bu tempimizi Sinqapur yarışında podiuma çevirməliyik.

Sinqapurda daha əvvəl çətin hava şəraitində qalib gəlmişdim və hamının bildiyi kimi şəhər tipli trasları sevirəm. Gecə keçirilməsi o yarışa başqa bir sehr qatır və böyük ehtimalla ən yaxşı yarışdır.

Bazar günü gecə yarışı qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Sinqapura addım atandan ancaq bunu fikirləşəcəyik”.

Qeyd edək ki, Serxio Peres 2022-ci ildə yağışlı havada keçən Sinqapur yarışını qazanmışdı.

 

Rauf Hacıyev

Şərh əlavə et