Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Azərbaycanda azarkeşləri ümidləndirdi

Hamımızın səbirsizliklə gözlədiyi Azərbaycan Qran Prisi geridə qaldı. McLaren komandasının gənc sürücüsü Oskar Piastri paytaxtımızda qalib gələrək, Bakı Şəhər Halqasındakı 8-ci yarışda qələbə qazanan 7-ci fərqli pilot olub.

Azərbaycan yarışı əslində Red Bull komandasının favorit yarışlarından olsa da, “qırmızı öküzlər”in son yarışlardakı performansına görə komandası Bakı yarışından əvvəl əla işləmişdi və komanda bu dəfə əvvəlki yarışlara nisbətən azarkeşlərinə daha çox ümid verdi. 12 yarışdır ki, podiuma həsrət qalan Serxio Peres Bakıda yenidən fəxri kürsüyə yüksəlməyə yaxın olsa da, yarışın bitməsinə iki dövrə qalmış Karlos Saynsla insidentə qarışıb və mübarizəni dayandırıb. Maks Ferstappen isə səhv sazlanma seçdiyi üçün yarışda çətinlik çəkib və beşinci yeri tutub.

Birinci Sərbəst Yürüşlər

 Red Bull komandası həftəsonuna hamıdan yaxşı başladı. Çempionatın lideri Maks Ferstappen Bakı Şəhər Halqasındakı cümə sərbəst yürüşlərində 1-ci yeri tutaraq, hələ də mübarizədə olduqlarını göstərdi. Daha əvvəl Bakıda 2 dəfə qalib gəlmiş Serxio Peres isə üçüncü yerdə idi.

İkinci Sərbəst yürüşlər

 İkinci sərbəst yürüşlərdə Şarl Lekler hamıdan sürətli olsa da, Serxio Peres ondan sadəcə 0.006 saniyə geridə qalırdı və bu da “qırmızı öküzlər”in həftəsonu ilə bağlı ümidlərini artırırdı.

Sıralanma turu

 Sərbəst yürüşlərdə komandaların bu qədər yaxın olmasından sonra hamı sıralanma turunda sərt mübarizə gözləyirdi. Elə də oldu. Lakin Azərbaycanda poul monopoliyasını əlinə keçirmiş Şarl Lekler burada ardıcıl 4-cü dəfə birinci yeri ələ keçirdi. Red Bull komandasından Serxio Peres 4-cü, Maks Ferstappen isə 6-cı yeri tutdular.

Red Bull komandası burada ümidli idi, çünki Şarl Lekler 2021-2023-cü illərdə də Azərbaycan yarışına pouldan başlamış və sonda qazanan Red Bull komandasının sürücüləri olmuşdu.

Əsas yarış

Yuxarıda da qeyd etdiyimiz kimi Leklerin son 3 ildə Azərbaycanda poul qazanıb, yarışda qalib gələ bilməməsi çoxlu suallar yaradırdı. Lekler nəhayət ki, poulu qələbəyə çevirə biləcək? Yoxsa yenə pouldan başladığı yarışda başqa sürücünün qələbə sevincini izləyəcək?

Yarışın startında monakolu sürücü yerini qorudu. Serxio Peres isə yaxşı startla 3-cü yerə yüksəldi. Maks Ferstappen də startda Corc Rasselli qabaqlayaraq, 5-ci pilləyə qalxdı.

 

Pit-stoplara qədər hər şey stabil görünsə də, pitlərdən sonra mübarizə qızışmağa başladı. Əvvəlcə Peres daha əvvəl pitə gələrək, Leklerlə Piastriyə yaxınlaşdı. Artıq meksikalı pilotun yarışı qazanmaq üçün real şansı var idi. Lakin gözlənilməz hal baş verdi. Piastri start-finiş düzlüyünün sonunda Lekleri geridə qoyaraq, liderliyə yüksəldi.

Yarışın sonlarında isə Serxio Peres tempini yüksəldərək, ikinci yer uğrunda Şarl Leklerlə mübarizəyə başladı. Bitimə 2 dövrə qalmış start-finiş düzlüyündə Çeko rəqibinə hücum etsə də, uğursuz alındı və Karlos Sayns bundan istifadə edərək, meksikalı sürücünü geridə qoydu. Bu anda Peres əks hücumla üçüncü yeri Saynsdan geri almaq istəsə də, olan-oldu. İki sürücü insident yaşayaraq mübarizəni dayandırdılar.

 

Red Bull komandasının üçqat Dünya Çempionu Maks Ferstappen isə səhv sazlanma seçdiyi yarışda 5-ci yeri tutaraq, zərəri minimuma endirə bildi.

Əsas məsələ – Yarışın qalibi Oskar Piastri oldu. Beləliklə, avstraliyalı sürücü Bakı Şəhər Halqasındakı 8-ci yarışda qələbə qazanan 7-ci fərqli pilot oldu. Şarl Lekler isə yenə də Bakıda qazandığı poulu qələbəyə çevirə bilməyərək, tiffoziləri məyus etdi.

Həftəsonunun ən böyük favoriti Lando Norris isə heç kimin gözləmədiyi halda sıralanma turunda 17-ci olsa da, yarışı əsas rəqibi Maks Ferstappenin önündə bitirərək, çempionatdakı xal fərqini 59-a endirdi.

Yarışın digər maraqlı anları isə ikiqat Dünya Çempionu Fernando Alonsonun 7-ci Azərbaycan Qran Prisindən də xal alması oldu. Digər tərəfdən Azərbaycanda Haas komandası ilə debüt edən və ilk tam həftəsonunu keçirən Oliver Berman da təcrübəli Niko Hülkenberqi qabaqlayaraq, 1 xal qazandı.

Beləliklə, Azərbaycan Qran Prisini Red Bull komandası qazana bilməsə də, ən azından gələcək yarışlar üçün ümid verəcək addımların atıldığını gördük. Serxio Peres qələbəyə yaxın idi. Maks Ferstappen isə qələbəni bəlkə də səhv sazlanma ilə qaçırdı. İndi isə növbədə gecə yarışı Sinqapur var. Hadisələrdən xəbərdar olmaq istəyirsinizsə, bizi izləməyə davam edin.

Rauf Hacıyev

Şərh əlavə et