Yarış Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi və “Nargis Fund”un təşkilati dəstəyi ilə baş tutub.
Yarışda ölkəmizin təcrübəli 12 pilotu iştirak etdi. Münsiflər isə xarici ölkələrdən dəvət olundu. Bunlar tanınmış və rəsmi drift hakimi sertifikatlı İrakli Shalikashvili, Nodari Kodua və Giga Kalandia idi.
İlk öncə 7 sentyabr tarixində keçirilən kvalifikasiya turu nəticəsində pilotların xallar üzrə sıralanması müəyyənləşdi. Kvalifikasiya günü sonunda birinci yerin sahibi Niyaz Bediyev, ikinci yer Rəhman Şıxəliyev və üçüncü yerə isə Elvin Xudaverdiyev layiq görülüb.
8 sentyabr günü açılış mərasimi drift avtomobillərinin paradı və pilotlar ilə tanışlıq prosesi ilə başladı. Daha sonra “Nargis Fund”un 1 saylı uşaq evi sosial xidmət müəssisəsindən dəvət etdiyi uşaqlar ilə birgə pilotlar Azərbaycan Respublikasının dövlət himnini səsləndiriblər.
Gərgin keçən yarışda yarım final mərhələsi xüsusilə seçildi. Pilotlar arasında mübarizə o qədər gərgin idi ki, bərabərliklər yəni “OMT – One More Time” səbəbindən mübarizələr 3 dəfəyədək təkrarlanıb.
Sonda final mərhələsində Elvin Xudaverdiyev və Niyaz Bediyev arasında keçən mübarizədə qalib Niyaz Bediyev oldu. Rəhman Şıxəliyev isə üçüncü yerin sahibi olub.
Qalib gələn hər üç pilota kubok, medal və sertifikatlar həmçinin birinci yerin sahibi 3000 AZN, ikinci yer 2000 AZN və üçüncü yerin sahibi isə 1000 AZN dəyərində mükafatlandırılıb.
Yarışla yanaşı tədbirdə yeni və klassik avtomobillərin sərgisi “Nargis Fund”un təşkilati dəstəyi ilə xüsusi əyləncə zonaları və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı baş tutub.
Qeyd edək ki, “Formula Drift Azerbaijan” yarışı il ərzində ümümilikdə 5 etapdan ibarət olacaq və gələcəkdə Azərbaycan üzrə drift çempionunu müəyyən etmək üçün gözəl bir platformaya çevrilmək şansı yüksəkdir.
Şərh əlavə et