Kokpit.az xatırladır ki, meksikalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda dördüncü yeri tutub və komanda yoldaşı Maks Ferstappeni iki pillə qabaqlaya bilib.
Daha əvvəl Bakı Şəhər Halqasında iki qələbə qazanmış Serxio Peres sıralanma turundan sonra suallara cavab verib. O bildirib ki, çox sevdiyi bu trasda yarışa daha yaxşı yerdən başlaya bilmədiyi üçün məyusdur: “Bəli, ən yaxşı ikinci sektoru edə bilmədim. Bu da pis haldır. Bir tərəfdən də yaxşıdır. Məncə, komanda yaşadığımız problemləri həll etmək üçün yenilikləri vaxtında gətirdi.
Sadəcə eyni yöndə daha yaxşı işləməyə ehtiyacımız var. Komanda var qüvvəsi ilə işləyir. Bəli, son yarışlarda bir az işimiz çətin oldu, amma qətiliklə düşünürəm ki, inkişaf etmişik. Məncə, ilin əvvəlindən bəri maşında gördüyümüz ən yaxşı işlərdir. Ümid edirəm ki, yarış tempinə də əks etdirə bilərik. Bəli, bu yöndə də inkişafa davam etməliyik”.
Serxio Peres Bakı Şəhər Halqasının ən uğurlu sürücüsüdür. Çeko bu trasda keçirilən 7 yarışda 2-i qələbə olmaqla 5 podium qazanıb. 34 yaşlı sürücü burada özünə inandığını deyib: “Bəli. Məncə, maşına görə özümə inanırdım. Buraya əvvəlki yarışlardakı maşınla gəlsəydim, buna oxşar nəticə qazanardım. Şəhər tipli traslarda özümə çox güvənirəm. Bunun da köməyi oldu”.
Serxio Peres bu həftəsonu Karlos Saynsla əngəlləmə problemi yaşamışdı. Bugünkü yarışda ispaniyalı sürücü Serxio Peresdən öndə başlayacaq: “Bəli yenə də təəssüf ki, qarşı-qarşıya gəldik. Amma həmişə sıx və ədalətli formada yarışırıq”.
Sonda Serxio Peres bildirib ki, doğru yoldadırlar və bu inkişafı növbəti yarışlara da daşıya bilərlər, amma daha yaxşı nəticə üçün daha çox işləməlidirlər: “Məncə, sadəcə balans təkmilləşir. Qətiliklə doğru yöndə gedirik. Sözün açığı daha çox xırdalıqlara girə bilmərəm, amma düz yoldayıq. İndi isə bu yolda daha çox iş görməliyik.
Bəli. Qətiliklə deyirəm ki, bunu başqa traslara da daşıya bilərik. Məncə, hər şey yaxşıdır, amma daha yaxşısına ehtiyacımız var”.
Şərh əlavə et