Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Bakıda sürprizlər çox olur

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Azərbaycan yarışında maksimum yüksəlməyə çalışacaq.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü sarı bayraq problemindən sonra Bakıdakı sıralanma turunda 17-ci yeri tutub. Belə ki, Esteban Okonun maşınında problem yaşanıb və buna görə də sarı bayraqlar sallanmağa başlanıb. Buna görə də Lando sürətini azaltmalı olub. Ancaq Norris 16-cı döngəyə çatanda sarı bayraqlar yığışılmışdı. Bu qarışıqlığa görə gəmc sürücü sıralanma turunun birinci sessiyasından ələnib və yarış mühəndisi Vill Cosef radiodan üzr istəyib.

Lando Norris bildirib ki, Azərbaycan yarışında sürprizlər olur cə buna görə də yarış üçün ümidlidir: “Ümid etmək məcburiyyətindəyəm, elə deyilmi? Maşın yaxşı idi, hamı ikinci dövrələrini atsa da, mən ata bilmədim. Buna görə də bəxtimiz gətirmədi.

Olan oldu artıq. Bizi uzun yarış gözləyir. Əlimizdə yaxşı təkərlərimiz var. Buna görə də ümidli olmağa çalışacağıq. Sabah görək nə edə bilirik.

Düzünü desəm, hazırda yarışı düşünürəm və bütün gecə müxtəlif strategiyalar barədə müzakirə aparacağıq. Yenə də yaxşı nətidə üçün ümidliyəm. Maşın sürətlidir. Atdığım dövrə ilə rahatlıqla ikinci ola bilərdim. Bir az əsəbpozucu olsa da, edə biləcəyim heç nə yoxdur”.

Hazırda Lando Norris Sürücülər Çempionatında ikinci yerdədir və lider Maks Ferstappendən 62 xal geridə qalır. Britaniyalı pilotun Bakıda bir seriyası da sona çatıb. Belə ki, McLaren komandası bu il bütün sıralanma turlarında iki maşını ilə də son sessiyaya qalıb. Norrisin ələnməsi ilə “narıncılar”ın həm uğurlu seriyası başa çatıb, həm də britaniyalı pilotun çempionluq yolunda işi çətinləşib.

Lando Norris həm də keçən ilin Las Veqası Qran Prisindən sonra ilk dəfə sıralanma turunun birinci sessiyasından ələnib və yarışa çox geridən başlayacaq.

McLaren komandası Azərbaycan Qran Prisindən əvvəl verdiyi açıqlamada bildirmişdi ki, çempionluq uğrunda mübarizə aparmaq üçün Papaya Qaydalarında dəyişiklik ediblər.

Lakin Oskar Piastri bu yarışa ikinci yerdən başlayır və indiki halda avstraliyalı sürücünün Lando Norrisə kömək edəcəyi heç də real görünmür.

Bu arada qeyd edək ki, Pyer Qaslinin sıralanma turundan ələnməsindən sonra Norris yarışa 16-cı yerdən başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et